Hakimlər bəraət verməkdən niyə çəkinirlər?


  • 24 İyul 2021 18:43

Azərbaycanda son illərdə dövlət rəhbərliyi tərəfindən məhkəmə sahəsində islahatlar davam edir. Bu prosesdə start addım 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə atıldı. Həmin qərarla cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların tətbiqinin genişləndirilməsinin təşviqi nəzərdə tutulurdu.

E-huquq.az xəbər verir ki, sərəncamla Ədliyyə Nazirliyinin tərkibində Probasiya xidməti yaradılıb və cəzaların icrasına nəzarət məqsədiylə elektron nəzarət vasitələrinin (qolbaq) tətbiqi haqda tapşırıq verilib. Eyni zamanda, həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən öncə digər qətimkan tədbirlərinin mümkünlüyünün araşdırılması barədə Baş Prokurorluğa tövsiyələr verilib.

Bu islahatların davamı olaraq qanunvericiliyə də dəyişiklik edilib. Cinayət Məcəlləsinə 300-ə qədər maddəyə azadlığın məhdudlaşdırılması alternativ cəza növlərindən biri kimi əlavə edilib və elektron qolbaqdan istifadə edilməsi ilə bağlı tapşırıqlar verilib.

Bəs bu illər ərzində cəza siyasətinin yüngülləşdirilməsi və humanistləşdirilməsi nə dərəcədə həyata keçirilə bilib?

Dövlət Statistika Komitəsinin 2020-ci ilə aid məlumatlarına görə, hökm verilərkən məhkum edilən 14 mindən çox şəxsin yarıdan çoxu azadlıqdan məhrum edilib. Avropa Şurasının bu il açıqladığı illik hesabata görə, Azərbaycanda toplam 21 min 12 məhbus cəzasını çəkir və bu göstərici ilə Avropa məkanında beşinci yerdəyik. Azərbaycanda 17 min 763 məhbusdan 5 min 108 nəfəri, yəni bütün məhbusların 29 faizi məhz narkotik cinayətlərində təqsirli bilinib.

Vəkillər Kollegiyasının üzvü Cavad Cavadov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin fərmanlar verilməmişdən əvvəl də Azərbaycan Avropa Şurasının üzvüdür və Avropa Məhkəməsinin presedent hüququ tətbiq olunmalıdır:

“Amma təəsüflər olsun ki, həmin fərmanlar da verildikdən sonra məhkəmələr alternativ qətimkan tədbirlərinə üstünlük vermirlər. Yəni, dəyişən bir şey yoxdur. Əsas səbəblər bunlardır: məhkəmələrin müstəqil olmaması və bunun üçün siyasi iradənin olmaması; prokurorluğun məhkəmələr üzərində hələ də dominant mövqedə olması; yuxarı məhkəmələrin aşağı məhkəmələri əksər hallarda dəstəkləməməsidir.

Məhkəmələrə reallıqda bu məsələdə müstəqillik verilmir. Yuxarı məhkəmələr də aşağı məhkəmələrin alternativ qətimkan tədbiri tətbiq etdiyi qərarların prokrorluğun protesti əsasında ləğv edir. Bir misal deyim, Cinayət Prosual Məcəlləsi 2000-ci il sentyabrın 1-i qüvvəyə minib və orada qeyd edilən qətimkan tədbirlərindən biri də girov qətimkan tədbiridir. Amma təsəvvür edin ki, 21 ildə hələ bir dəfə də olsun girov qətimkan tədbiri tətbiq olunmayıb.

2008-ci ildə bir dəfə Nəsimi Rayon Məhkəməsinin hakimi Elmar Kərimov tərəfindən tətbiq olunub, amma o Apellyasiya Məhkəməsi həmin qərarı prokrorluğun protesti əsasında ləğv edib. Tək bu statistika Azərbaycanda bu məsələnin necə də acınacaqlı olmasını göstərir”.

Vəkil qeyd edib ki, həbs qətimkan tədbiri son qərar kimi nəzərdə tutulur: “Ən azından məhbusun saxlanılması, saxlanma xərci var, bu da dövlət hesabına həyata keçirilir. Həbs edilən şəxsin ailə vəziyyəti durumuna da müəyyən fəsadlar yaradır. Həbsdə olmasa zərərçəkənlə anlaşa bilər və s.

Ümumiyyətlə, qanunda da, BMT-nin İnsan Hüquqları üzrə aktında yazılıb ki, həbs qətimkan tədbiri praktikaya çevrilməməlidir, alternativ üsullara istinad olunmalıdır. Burada baxılmalıdır ki, həbs qətimkan tədbirləri üçün zəruri olan əsaslar - istintaqdan yayınmaq, prosesdən iştirakçılarına təsir etmək imkanları varmı? Azərbaycanda artıq tək həbs qətimkan tədbirlərinin seçilməsi deyil, həm də uzadılması da formal xarakter daşıyır. Mən hazırda bir həbs qətimkan tədbirinin uzadılmasından gəlirəm və təəssüflər olsun ki, məhkəmə sadəcə olaraq formal bir iclas idi və verilən təqdimatı da təmin etdi.

Bir də belə bir məsələlər, var misal üçün qətl hadisəsi olan zaman bilirsən ki, bu hadisəni kimsə törədib. Amma məsələn, dələduzluqda istintaqın gedişində cinayət işinə xitam da verilə bilər, şəxs bəraət də ala bilər ya da zərərçəkənlə razılaşa bilərlər. Onun həbsdə olmaması, daha çox imkanlar yarada bilər”.

VK üzvü Cavad Cavadov qeyd edib ki, həbs qətimkan qərarlarının çox olduğu kimi, bəraət hökmləri də yox dərəcəsindədir: “Azərbaycanda bəraət çox nadir hallarda olur və verilən bəraətlərin çoxunu da Ali Məhkəmə və ya Apellyasiya Məhkəməsi ləğv edir. Bəraət hökmlərinin sayı ümumi hökmlərin sayının 1 faizindən də azdır. Mənim bu haqda araşdırmam da var. Lənkəran Ağır Cinayətlər Məhkəməsi 2019-cu ilə kimi bir dəfə də olsun bəraət hökmü verməyib.

Bunun da səbəbi təəssüflər olsun ki, prokurorluğun yuxarı məhkəmələrə verdiyi protestlərdir. Qanunda yazılıb ki, prokurorun protesti vəkilin şikayəti ilə bərabərdir. Amma biz bu qanunu reallıqda tamam başqa cür görürük. Yuxarı məhkəmələr prokurorun protestinə daha isti yanaşırlar və onun təmin olunmasına daha çox maraqlı görünürlər.

Prokurorluğun eyni zamanda cinayət işi başlamaq, həmin cinayət işinin istintaqını aparmaq, verilən ittihamı təsdiq etmək və özünün verdiyi ittihamı məhkəmədə müdafiə etmək, məhkəmə qərarlarından protest vermək kimi funksiyaları obyektivliyi öncədən qapadır.

Bunun üçün konstitusion islahat aparılmalıdır və prokurorluğun istintaq aparmaq funksiyası götürülməlidir. Bu zaman məhkəmədə verilən ittihamın müdafiəsində daha obyektiv yanaşma görəcəyik.

Bizdə təəssüflər olsun ki, bəraət hökmü çox nadir bir tapıntıdır və dərhal mətbuatda işıqlandırılır. Həmkarlarımda dəfələrlə olub ki, birinci instansiyada bəraət alıb, yuxarı instansiyalar həmin bəraəti ləğv edib və təqsirləndirilən şəxsin həbsinə səbəb olan azadlıqdan məhrum etmə qərarı çıxarılıb”.

Cavad Cavadov bildirib ki, 2014-2018-ci illər ərzində məhkəmələrdə 137 bəraət hökmü çıxarılıb. 2014-2021-ci illəri əhatə edən dövr ərzində bəraət hökmlərinin sayı 430 olub: “Beləliklə cüzi də olsa, irəliləyiş müşahidə olunur. Lakin işlərin ümumi sayına nisbətdə bu rəqəm yenə çox-çox azdır. Maraqlı və qorxunc məqamlardan biri hərbi məhkəmələrin ümumiyyətlə bəraətverici hökmü çıxarmamasıdır. Yalnız 2014-2021-ci illər ərzində Bakı Hərbi Məhkəməsində cəmi 2 bəraət hökmü çıxarılıb, digər hərbi məhkəmələrdə ümumiyyətlə belə hökmlər yoxdur”.

Vəkil deyir ki, bəraət hökmlərinə imza atan 2-3 hakim olmasa, ümumiyyətlə, statistika acınacaqlı olar: “2014-2021-ci illər üzrə hakim Ramin Qaraqurbanlı liderliyi qoruyub saxlayıb. Hakim Qaraqurbanlı 22 bəraət hökmü çıxarıb. 2-ci yerdə hakim Zamin Tahirov 20 bəraət hökmü ilə qərarlaşıb”.

Oxşar xəbərlər