Məzmuna keç

“Bəzi sabiq hakimlər həbs edilə bilər” –

Xəbər verdiyimiz kimi, Konstitusiya Məhkəməsinin Plenumu sabiq hakimlər barəsində cinayət təqibi ilə bağlı proseduru müəyyənləşdirib.

E-huquq.az xəbər verir ki, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı Konstitusiya Məhkəməsinin qərarını şərh edərək bildirib ki, yeni qərarla sabiq hakimlərin cinayət məsuliyyətinə cəlb olunma proseduru sadələşdirir.

"Qərarda göstərilir ki, "Hakimin səlahiyyətlərinə xitam verildikdən sonra aşkar edilən, lakin onun səlahiyyəti dövründə törədilən cinayət əməlinə görə (funksional toxunulmazlıq ilə bağlı hallar istisna olmaqla) sabiq hakim barəsində cinayət təqibi ümumi əsaslarla Azərbaycan cinayət-prosessual qanunvericiliyinə əsasən həyata keçirilir və bu zaman Məhkəmə-Hüquq Şurasının və ya Konstitusiya Məhkəməsinin razılığı tələb olunmur. "Funksional toxunulmazlıqla bağlı hallar" ifadəsinin özünün də ayrıca şərhə ehtiyacı var", – deyə A. Qasımlı qeyd edib.

O hesab edir ki, bu, hakimlərin toxunulmazlığı prinsipinə ziddir: "Hakimlik fəaliyyətinə xitam verildikdən sonra hakimlik dövründə törədilən cinayətlərə görə sabiq hakimlərin məsuliyyət məsələsi faəliyyətdə olan hakimlərə münasibətdə tətbiq olunan prosessual norma ilə eyni olmalıdır. Qərarın Baş Prokurorluğun sorğusu əsasında qəbul edilməsi belə deməyə əsas verir ki, tezliklə bəzi sabiq hakimlər həbs oluna bilər".