Anar Bağırov: "Vəkillik fəaliyyəti" adlı dərsliyin təqdimatı bizim üçün böyük qürurdur


  • 16:18

"Vəkillik fəaliyyəti" adlı dərsliyin təqdimatı bizim üçün böyük qürurdur.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Vəkillik fəaliyyəti" adlı dərsliyin təqdimat mərasimində çıxışı zamanı deyib.

O, BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və şirkət rəhbərliyinə vəkil korpusu adından təşəkkürünü bildirib. Qeyd edib ki, Kollegiya adətən fəaliyyətini öz imkanları hesabına həyata keçirir, lakin bu dəfə kənardan göstərilən dəstək xüsusi əhəmiyyət daşıyır.

"Bu dəstək bizim üçün çox dəyərlidir. Bu tərəfdaşlıq ölkəmiz üçün də böyük töhfədir", - deyə sədr vurğulayıb.

A.Bağırov bildirib ki, ölkədə vəkillik fəaliyyəti ilə bağlı indiyədək bir neçə dərslik və monoqrafiya nəşr olunub. Yeni kitabın hazırlanmasında 6 müəllif iştirak edib və məsələyə formal yanaşılmayıb. Onun sözlərinə görə, dərslikdə bütün vacib məqamlar əhatə olunub, beynəlxalq təcrübəyə, eləcə də türk dövlətlərinin təcrübəsinə yer verilib.

Sədr, həmçinin Prezident İlham Əliyevin "Bizim bir ailəmiz var – türk dövlətləri ailəsi" fikrini xatırladaraq, bu təcrübənin öyrənilməsinin vacibliyini qeyd edib və layihənin davamlı olacağını bildirib.

O vurğulayıb ki, hazırda ölkədə 3 minə yaxın vəkil fəaliyyət göstərir və bu, mühüm göstəricidir. Bununla belə, Azərbaycan 100 min nəfərə düşən vəkil sayına görə Avropada sonuncu yerlərdən birini tutur ki, bu da ciddi problem hesab olunur.

Sədrin sözlərinə görə, uzun illər hüquq fakültəsi tələbələri vəkil olmaqda maraqlı olmayıblar. Lakin hazırda gənclər arasında vəkilliyə maraq artmaqdadır və bu, böyük uğur kimi qiymətləndirilir.

A.Bağırov deyib ki, bu kimi nəşrlər vəkilliyə marağın daha da artmasına töhfə verəcək.

Sədr əlavə edib ki, vəkillik böyük və şərəfli missiyadır və insan hüquqlarına xidmət edir.

"Bu gün hüquq və qanunvericilik daha da mürəkkəbləşir. Vəkil vətəndaşla dövlət arasında körpü rolunu oynayır. Çalışırıq ki, bu körpü sağlam təməl üzərində qurulsun və insanların vəkilliyə inamı daha da artsın", – deyə o qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər