- 15:30
"Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ötən 20 il ərzində fövqəladə halların aradan qaldırılmasında böyük fədakarlıq göstərib".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı söyləyib.
Deputat deyib ki, FHN əməkdaşları təkcə Azərbaycan üçün deyil, dünyanın bir çox ölkələrində baş verən təbii fəlakətlər, meşə yanğınları zamanı fədakarlıq göstərib. Bildirib ki, bu medalın təsis edilməsi FHN əməkdaşları üçün böyük stimuldur.
"Bu, Azərbaycan dövlətinin, gücünün göstəricisidir. Qardaş ölkə Türkiyədə meşə yanğınları, güclü zəlzələ zamanı Azərbaycan FHN əməkdaşları böyük qəhrəmanlıq göstərdi. Bu mənada Medalın təsis edilməsini dəstəkləyirəm və Nazirliyin əməkdaşlarına verilən dəyərin nümunəsi kimi qiymətləndirilməlidir. Nazirliyin qəhrəman əməkdaşları gələcəkdə fövqəladə halların aradan qalxmasına öz töhfələrini verəcək", - deyə V.Rəhimzadə qeyd edib.
Şəbnəm Mehdizadə