Məzmuna keç

Deputat sahibkarlar üçün güzəştli maliyyələşmə təklif edir

Neft gəlirlərindən asılılığı azaltmaq üçün aqrar emal sənayesi inkişaf etdirilməlidir.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentin bu gün keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, büdcə gəlirləri ilə bağlı əsas prioritetlərdən biri neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun iqtisadi artımın əsas dayağına çevrilməsidir. Buna iqtisadiyyatın şaxələndirilməsi, sənaye istehsalının genişləndirilməsi və yüksək əlavə dəyər yaradan məhsulların istehsalı ilə nail olmaq mümkündür.

“Bu baxımdan, aqrar emal sənayesinin inkişafını xüsusilə vacib hesab edirəm. Çünki kənd təsərrüfatı məhsullarını yalnız xammal kimi yox, emal olunmuş hazır məhsul kimi bazarlara çıxara bilsək, bu, həm daxili tələbatın ödənilməsi, həm də qeyri-neft ixracının artırılması baxımından əhəmiyyətli olacaqdır”, – deyə Azər Badamov bildirib.

Deputat vurğulayıb ki, bunun üçün regionlarda aqrar emal müəssisələrinin yaradılması stimullaşdırılmalı, sahibkarlar üçün güzəştli maliyyələşmə və digər təşviq mexanizmləri genişləndirilməlidir: ““Bu, həm yeni iş yerləri, həm də regionların iqtisadi fəallığının artması deməkdir”.

Şəbnəm Mehdizadə