Natiq Məmmədli: "Azərbaycan mediasının peşəkarlıq problemi yoxdur"


  • 2 May 14:49

"Bu gün "İctimai proseslər media müstəvisində" mövzusunda ikinci forumumuz keçirilir. Keçən il artıq dövlət-media dialoqunun bünövrəsi qoyulub. Burada məqsəd müvafiq dövlət orqanları ilə jurnalistlərin birbaşa təmaslarını qurmaqdır. Panel iclaslarında ictimaiyyəti maraqlandıran bütün məsələlər birbaşa mənbədən cavablandırılacaq".

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli deyib.

Onun sözlərinə görə, tədbirin dövlət orqanları üçün də əhəmiyyəti var: "Çünki həm informasiyanın mötəbər mənbəyi kimi çıxış edir, jurnalistlərlə birbaşa təmasda olurlar, həm də bizim medianın peşəkarlığının artırılması ilkin mənbədən informasiya əldə edilməsi baxımından mühüm və əlamətdar platformadır. Bu il "Konstitusiya və Sueverenlik İli"dir. Bugünkü forumun əsas panel iclasında bu məsələ xüsusi vurğulanır. Amma ictimaiyyəti maraqlandıran digər məsələlər digər 3 panel iclaslarında ətraflı şəkildə müzakirə ediləcək. Bu, dövlət-media dialoqunun səmərəli və effektiv platformasıdır. Düşünürük ki, bu təcrübəni bundan sonra da davam etdirəcəyik".

N.Məmmədli bildirib ki, Azərbaycan informasiya məkanı daim təhdidlərlə üzləşir: "Məşhudr ifadə də deyildiyi kimi, informasiya cəbhəsində heç vaxt atəşkəs olmur. Biz keçən il COP29 kimi mötəbər tədbirə ev sahibliyi edərkən gördük ki, Azərbaycanın dünyada informasiya məkanında avtoriteti artdıqca ona qarşı təhdidlər də artır. COP29 təcrübəsi göstərdi ki, Azərbaycan mediası öz işini operativ və peşəkar səviyyədə qurmalıdır ki, bütün təhdidlərə daim cavab verə bilsin. Bu baxımdan Azərbaycana qarşı yönələn təhdidlərə cavab vermək və onların təsir dairəsini azaltmaq baxımından Azərbaycan mediasının peşəkarlıq problemi yoxdur".

Direktor müavini deyib ki, Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə MEDİA Agentliyi bir sıra tədbirlər həyata keçirəcək: "Birinci növbədə məqsəd milli mətbuat dəyərlərinin təbliğ edilməsi, Azərbaycan milli jurnalistikasının əsas prinsiplərinin cəmiyyətə aşılanmasıdır. Yubiley ili çərçivəsində bir sıra silsilə tədbirlərimiz olacaq. Düşünürəm ki, bu istiqamətdə atılan addımlar cəmiyyət tərəfindən maraqla qarşılanacaq".

Humay Eminqızı

Oxşar xəbərlər