"Müharibə dövründə bəzən media nümayəndələri müəyyən məhdudiyyətləri aşaraq məlumat paylaşırdılar" - Anar Eyvazov


  • 2 May 17:10

"Ordu quruculuğu ilə paralel olaraq, Müdafiə Nazirliyində kommunikasiya strategiyası da inkişaf etdirilib".

E-huquq.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda keçirilən ikinci forum çərçivəsində "Konstitusiya və Suverenlik İlində media gündəmi" adlı panel sessiyada deyib.

"Vətən müharibəsində xüsusi ilə kommunikasiya sahəsində əldə etdiyimiz təcrübələr tətbiq edilərək Müdafiə Nazirliyinin kommunikasiya strategiyası təsdiq edildi və bu strategiyaya uyğun olaraq məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması istiqamətində tədbirlər həyata keçirildi. Bu tədbirlər çərçivəsində biz mütəmmadi olaraq media nümayəndələri ilə müxtəlif fikir mübadilələrinin aparılması üçün görüşlər həyata keçirmişik. Media ilə birgə fəaliyyət çərçivəsində ümumi işlərimizə nail olmuşuq. Buna misal hərbi vətənpərvərliyin təbliğ olunması, gənclərə vətənpərvərliyin aşılanması istiqamətində birgə fəaliyyəti göstərmək olar", - deyə o bildirib.

A.Eyvazov deyib ki, media nümayəndələri bəzən bilərək və ya bilməyərəkdən müəyyən məhdudiyyətləri aşaraq hansısa məlumatları paylaşırdılar: "Bunun baş verməməsi üçün bir neçə tədbirlər həyata keçirdik, görüşlərimizdə daima marifləndirici söhbətlər apardıq. Məxfi hesab edilən məlumatların nümunəsi barədə danışdıq. Bu sahədə bizə dəstək olduqları üçün media nümayəndələrinə minnətdarlığımı bildirirəm. Bu istiqamətlərdə yaxşı nəticəni biz birgə fəaliyyət göstərməklə həyata keçirə bildik. Bu işləri daha keyfiyyətli həyata keçirmək üçün kommunikasiya strategiyamızı da daim yeniləyirik".

Humay Eminqızı

Oxşar xəbərlər