BDU-da “Reproduktiv sağlamlıq: Etik və hüquqi yanaşmalar” mövzusunda təlim keçirilib - FOTO


  • 2 May 22:40

Mayın 2-də Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatının Hüquq və Biologiya fakültəsi könüllülərinin birgə təşkilatçılığı ilə “Reproduktiv sağlamlıq: Etik və hüquqi yanaşmalar” mövzusunda maarifləndirici təlim keçirilib.

E-huquq.az xəbər verir ki, tədbiri giriş sözü ilə Biologiya elmlər namizədi, dosent, BDU Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müəllimi Sevda Tahirli çıxış edib.

O, tələbələrə reproduktiv sağlamlıq, süni intellektin bu sahədə rolu, reproduktiv texnologiyalar, bioetika, genetik müdaxilələr, eləcə də insanların genetik modifikasiyası kimi mövzular barəsində ətraflı məlumat verib.

S.Tahirli gənc bioloq və hüquqşünaslarla Azərbaycanda və dünyada selektiv abortlar, abortların tibbi, etik və hüquqi aspektləri, bu problemin sosial kökləri və onun qarşısının alınmasına yönəlmiş beynəlxalq təcrübə ətrafında dərin diskussiya aparıb.

Tələbələr bu həssas mövzuya böyük maraq göstərib, fəal şəkildə suallar verib və fikir mübadiləsi aparıblar.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "LCG" vəkil bürosunun vəkili, BDU-nun Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi, tibb hüququ üzrə ekspert Hikmət Babayev bir sıra vacib məqamlara toxunub. O bildirib ki, reproduktiv sağlamlıq hüquqi, etik və sosial baxımdan balanslı yanaşma tələb edən sahədir.

H.Babayev qeyd edib ki, hüquqşünaslar həm fərdi hüquqları qorumağa, həm də cəmiyyətin maraqlarını nəzərə almağa borcludur.

Tədbirdə, həmçinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Əsmər Əliyeva və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mirzəyev və partnyorları” vəkil bürosunun vəkili Aydın Abdullayev də iştirak ediblər.

Tədbir interaktiv formatda təşkil olunub, tələbələr spikerlərlə açıq dialoq şəklində müzakirələr aparıblar.

Təlim iştirakçılarının maarifləndirilməsi və kritik düşünmə bacarığının artırılması baxımından uğurlu alınıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər