- 18:11
Vətəndaş Səhiyyə Nazirliyinin səhvi ucbatından sertifikasiyadan kənar qaldığını iddia edib.
Bu barədə bir müddət əvvəl e-huquq.az-a müraciətində əczaçılıq fəaliyyəti ilə məşğul olan Ramin Abıyev bildirib.
O qeyd etmişdi ki, ali təhsilli əczaçıdır, ötən ilin sentyabrında ilk sertifikasiyaya cəlb olunmalı olduğu vaxtda sənədlərdə bəzi qeydlərin düzgün olmamasına görə noyabr ayının sonunadək müddət uzanıb.
"Dekabr ayında 2 saylı Bakı Baza Tibb Kollecində kursa başlamalı olduğum barədə Səhiyyə Nazirliyi tərəfindən əmr gəldi. Kursa getdikdə isə bildirdilər ki, məni düzgün yönləndirməyiblər. Ali təhsilli olduğum üçün həkimlərin təkmilləşdirmə kursuna cəlb edilməliyəm. Kor-peşman geri qayıtdım və məsul şəxslərə iradımı bildirdim. Məsələni aydınlaşdırdılar və müəyyən olundu ki, Səhiyyə Nazirliyinin müvafiq şöbəsi, yəqin ki, kadrlar şöbəsi, mənim reyestr kodumu səhv təyin edib. Qeyd edim ki, mənimlə yanaşı, bir neçə ali təhsilli əczaçı da eyni halla qarşılaşıb. Belə ki, biz ali təhsilli əczaçılara 1 rəqəmi ilə başlayan reyestr kodu vermək əvəzinə, 2 rəqəmi ilə başlayan reyestr kodu verilib. Yəni, biz ali təhsilli əczaçılar texnikum təhsilli əczaçılar kimi qeyd edilmişik. Buna görə də sertifikasiyaya cəlb edilə bilmirik", - deyə şikayətçi söyləmişdi.
R.Abıyev qeyd etmişdi ki, çıxış yolu həmin reyestr kodlarının dəyişdirilməsi ilə mümkündür: "Reyestr kodunun dəyişdirilməsi ilə əlaqədar bu ilin fevral ayından Səhiyyə Nazirliyinin kadrlar şöbəsinə rəsmi məktubla müraciət edilməsinə baxmayaraq, problem həllini tapmır ki, tapmır. Edilən zənglər, yazılan məkrublar Səhiyyə Nazirliyinin tükünü belə tərpətmir. Bəs indi əczaçılar nə etməlidir?"
R.Abıyev məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdi: "Konstitusion hüquqlarımın pozulması və mənəvi zərərlə bağlı məhkəməyə müraciət edəcəyəm".
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlamışdıq. Bu gün nazirlikdən e-huquq.az-ın sorğusuna cavab olaraq bildirildi ki, problem artıq öz həllini tapıb.
"Ramin Zakir oğlu Abıyevə yeni reyestr kodu verilib və bununla bağlı işlədiyi müəssisə məlumatlandırılıb", - deyə nazirliyin cavabında qeyd olunub.
R.Abıyev saytımıza açıqlamasında yeni reyestr kodunun verildiyini təsdiqlədi: "Ötən gün çalışdığım müəssisə bu barədə məlumatlandırılıb. Nəhayət, aylar sonra məsələ həllini tapdı".
Şəbnəm Mehdizadə