Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə test imtahanı keçirilir - FOTO


  • 12:01

Ədliyyə Nazirliyi tərəfindən əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılması və notarius korpusunun peşəkar hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir. Bu məqsədlə Ədliyyə Nazirliyinin İxtisas Komissiyası tərəfindən notariat fəaliyyəti ilə peşəkar şəkildə məşğul olmaq üçün şəhadətnamə almaq istəyən və “Notariat haqqında” Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları üçün növbəti açıq müsabiqə elan olunub.

E-huquq.az xəbər verir ki, bu gün Dövlət İmtahan Mərkəzi ilə birgə kompüterlər vasitəsilə keçirilən müsabiqənin birinci mərhələsi - test imtahanında 280 namizəd iştirak edib.

İmtahan prosesini Ədliyyə nazirinin müavini, Nazirliyin İxtisas komissiyasının sədri Abiddin Hüseynov, komissiyanın digər üzvləri, Nazirlik yanında İctimai Şuranın üzvləri, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri izləyib.

Test imtahanının nəticələri namizədlərə imtahanı yekunlaşdırdıqda dərhal təqdim olunur.

Qanunvericiliyin tələbinə uyğun olaraq test imtahanından mümkün 90 balın 60-nı toplayan namizədlər növbəti mərhələyə – müsahibəyə buraxılacaqlar. Müsahibə mərhələsində uğur qazanan hüquqşünaslar Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaqlar və təlimin yekununda aparılan qiymətləndirmənin nəticəsinə əsasən onlara notariat fəaliyyəti ilə peşəkar şəkildə məşğul olmaq üçün şəhadətnamə veriləcək.

Oxşar xəbərlər