"Notariat korpusunun peşəkar hüquqşünaslarla gücləndirilməsi davam edir" - Ədliyyə Nazirliyinin idarə rəisi


  • 12:14

Ədliyyə Nazirliyi tərəfindən əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılması, notariat korpusunun peşəkar hüquqşünaslarla kompleksləşdirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Bu məqsədlə, Ədliyyə Nazirliyinin ixtisas komissiyası şəhadətnamə almaq istəyən və notariat haqqında qanunun tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları üçün növbəti açıq müsabiqəni elan edib.

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli deyib.

O bildirib ki, müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin rəsmi saytında qeydiyyatdan keçmiş 280 nəfər buraxılış vəsiqəsi əldə edib və hazırda imtahanda iştirak edir.

"Müsabiqənin birinci mərhələsi test imtahanı DİM ilə birlikdə təşkil olunur və nəticələr namizədlərə dərhal elan ediləcək", - deyə idarə rəisi qeyd edib.

E.Məmmədli deyib ki, test imtahanında qanunvericiliyə uyğun olaraq mümkün olan 90 baldan ən azı 60 bal toplayan namizədlər növbəti mərhələyə - müsahibəyə buraxılacaqlar: "Müsahibə mərhələsində uğur qazanan namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaq".

Nazirlik rəsmisi bildirib ki, təlimin nəticələrinə əsasən aparılan qiymətləndirmələrdən sonra notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün onlara şəhadətnamə veriləcək.

Humay Eminqızı

Oxşar xəbərlər