Məzmuna keç

Bahar Muradova uşaqların suallarını cavablandırdı –

Noyabrın 18-də "Uşaq Hüquqları Aylığı" çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın uşaqlarla görüşü təşkil olunub. “Hüquqlarınla parla!” layihəsi çərçivəsində keçirilən görüşdə Regional İnkişaf İctimai Birliyinin (RİİB) layihəsi əsasında seçilən 30-dan çox uşaq iştirak edib.

E-huquq.az xəbər verir ki, RİİB-in beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova Hacıyeva çıxışında bildiirb ki, görüşün əsas məqsədi uşaq hüquqlarına diqqət çəkmək, onların səsini eşitmək və bu sahədə ölkədə aparılan mühüm təşəbbüsləri ictimaiyyətə təqdim etməkdi.

Bildirilib ki, sözügedən layihə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və “Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”nın həyata keçirilməsi çərçivəsində hazırlanıb və strateji məqsədi uşaqların hüquqlarının müdafiəsi sahəsində davamlı və ölçülə bilən addımlar atmaqdır. Layihə çərçivəsində iyul-noyabr ayları ərzində respublikanın müxtəlif bölgələrində yerləşən bir çox təhsil müəssisəsində maarifləndirici tədbirlərin, hüquqi və sosial mövzulara dair təlimlərin və interaktiv sessiyaların təşkili nəzərdə tutulub. Artıq bir çox regionda uğurla icra olunmuş bu tədbirlər nəticəsində 2000-dən çox uşaq maarifləndirilib.

Şöbə müdiri qeyd edib ki, təlimlər uşaqların hüquqları və vəzifələri, şəxsi məlumatların qorunması, kibertəhlükəsizlik, sağlam həyat tərzi, şiddətdən müdafiə, erkən nikahın fəsadları, sosial məsuliyyət, inklüzivlik, ictimai iştirak və liderlik bacarıqlarının inkişafına yönəlib. Sessiyalar interaktiv formada, qrup işləri, situasiya tapşırıqları, sual-cavab və təqdimatlarla müşayiət olunub.

Vurğulanıb ki, layihənin mühüm yeniliklərindən biri də “Hüquqlarınla Parla” mobil tətbiqidir. Tətbiq vasitəsilə 11-17 yaşlı uşaqlar hüquqlarla bağlı materialları oxuya, imtahan verərək sertifikat ala, təhlükəsizlik, sağlamlıq və hüquq mövzularında interaktiv testlərdən keçə, dövlət qurumlarının qaynar xətt nömrələrinə sürətli giriş əldə edə biləcəklər.

RİİB rəsmisi deyib ki, 17-21 noyabr tarixlərində tərəfdaş dövlət qurumlarına infoturlar keçiriləcək və həssas kateqoriyadan olan 25-30 uşağın rəhbər şəxslərlə birbaşa görüşü təşkil olunacaq. Bu görüşlər onların dövlət qurumlarının fəaliyyəti ilə yerində tanış olmasına, hüquqlar və müdafiə mexanizmləri barədə geniş məlumat əldə etməsinə, ictimai fəallıq və liderlik bacarıqlarının inkişafına şərait yaradacaq. Layihənin son mərhələsində uşaqlar Azərbaycan Respublikası Milli Məclisində keçiriləcək simulyasiya iclasında iştirak edəcəklər. Burada onlar real qanunvericilik prosesini canlandıracaq, öz fikirlərini ifadə edəcək və müzakirələrdə aktiv şəkildə yer alacaqlar.

Sonra görüşdə çıxış edən Bahar Muradova Azərbaycanda uşaqların hüquqlarının qorunmasının əsas prioritetlərdən biri olduğunu vurğulayıb və bu istiqamətdə görülən işlərdən danışıb.

Daha sonra Komitə sədri uşaqların suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirib.

Tədbirdə iştirak edən uşaqlar müxtəlif məsələlərə dair öz fikirlərini bölüşüblər.

Bu cür görüşlərin onların hüquqi maarifləndirilməsində mühüm rol oynadığını qeyd edilib.

Humay Eminqızı