Dağ və sərhəd kəndlərində kommunal tariflərə güzəşt edilməsi təklif olunur.
E-huquq.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Zahid Oruc parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında çıxış edib.
Deputat bildirib ki, dağlıq rayonlarda əhalinin yaşayışına təsir edən əsas məsələlərdən biri kommunal tariflərdir: “Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayış məntəqələri var ki, ailələr yeddi-səkkiz ay evlərini qızdırmalı olur. Ancaq ölkə üzrə eyni istehlak tarifləri və limitlər tətbiq edilir, qaz və elektrik təchizatında aylıq sabit ödənişlər də mövcudddur. Eyni istehlak şərtlərini müxtəlif iqlim şəraitində yaşayan ailələr üçün tətbiqi ağır nəticələr doğurur”.
Z.Oruc vurğulayıb ki, təklif bütün ölkə üzrə kommunal tariflərin dəyişdirilməsi deyil, sərt iqlim şəraitində yaşayan, xüsusilə sərhəd və yüksək dağ kəndlərində məskunlaşan ailələrə fərqli yanaşmanın tətbiqidir.
O, belə ərazilərdə qaz və elektrik enerjisi üzrə istehlak limitlərinin ləğv edilməsini, ödənişlərdə isə güzəştli tariflərin tətbiqini təklif edib: “Belə ərazilərdə qaz və elektrik üzrə istehlak limitlərinin ləğvi, ödənişlərdə isə güzəştli tariflərin tətbiqini təklif edirik. Həmin kəndlərdə çalışan həkim və müəllimlər üçün də iqlim və məsafə nəzərə alınmaqla əlavə ödəniş əmsalları müəyyən edilə bilər. Sərhəd və dağ kəndlərində məskunluğun gücləndirilməsi üzrə dövlət proqramının qəbulu ölkə başçısının narahatlqıla vurğuladığı paytaxta axının qarşısının alınmasında mühüm rol oynaya bilər”.
