Məzmuna keç

Taleh Kazımov manatın məzənnəsi və inflyasiya ilə bağlı gözləntilərini açıqladı

2027-ci ildə büdcə xərclərinin inflyasiyaya təsiri 0,34 faiz bəndi olacaq.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

AMB sədri 2027-ci ilin dövlət büdcəsi layihəsinə münasibət bildirərək qeyd edib ki, növbəti il və ortamüddətli dövr üzrə təqdim edilmiş dövlət və icmal büdcə layihələri ölkənin makroiqtisadi sabitlik və iqtisadi inkişaf hədəfləri ilə uzlaşır.

O, büdcə paketinin bir sıra mühüm məqamlarına diqqət çəkib.

“Birincisi, mövcud büdcə qaydası çərçivəsində qeyri-neft ÜDM-ə nisbətdə qeyri-neft baza kəsirinin azaldılması fiskal dayanıqlığı gücləndirəcək. Qeyri-neft-qaz gəlirlərinin ümumi büdcə gəlirlərində payının artırılması neft-qaz sektorundan asılılığın azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. Cari xərclərin qeyri-neft-qaz gəlirləri hesabına maliyyələşdirilməsi səviyyəsinin yüksəldilməsi cari öhdəliklərin daha dayanıqlı mənbələr hesabına təmin edilməsinə xidmət edir. Eyni zamanda, Neft Fondundan transfertlərin azaldılması strateji valyuta aktivlərinin qorunması baxımından əhəmiyyətlidir. Hasilatın azalması və enerji bazarlarında uzunmüddətli qeyri-müəyyənliklər şəraitində neftin qiymətinin konservativ götürülməsi müsbət haldır”, – deyə T.Kazımov bildirib.

AMB sədri ikinci mühüm məqam kimi dövlət borcunun müvafiq fiskal qayda ilə müəyyən edilmiş həddən aşağıda saxlanılmasını qeyd edib. Onun sözlərinə görə, bu, növbəti ildə də ölkənin beynəlxalq reytinqlərinə müsbət təsir göstərəcək.

“Azərbaycan orta müddətli perspektivdə də dünyada dövlət borcunun ən aşağı olduğu ölkələrdən biri olacaqdır”, – deyə o vurğulayıb.

Taleh Kazımov üçüncü məqamın manatın sabit məzənnəsi ilə bağlı olduğunu bildirib: “Büdcə paketində manatın sabit məzənnəsinin makroiqtisadi çərçivənin başlıca elementlərindən biri kimi qeyd edilməsi məzənnə ilə bağlı gözləntilərə müsbət təsir göstərəcək. Mövcud meyillər davam edərsə, hesab edirik ki, fiskal sektorun valyuta təklifi valyuta bazarında tələbin ödənilməsinə kifayət etməlidir”.

AMB sədri dördüncü məqam kimi dövlət xərclərinin konservativ artımının inflyasiyanın nəzarətdə saxlanılması baxımından əhəmiyyətini qeyd edib.

“Qiymətləndirmələrimizə görə, 2027-ci ildə gözlənilən büdcə xərclərinin inflyasiyaya təsiri cari xərclər üzrə cəmi +0,34 faiz bəndi olacaq. Əsaslı xərclərin təsiri isə neytral qiymətləndirilir”, – deyə o bildirib.

T.Kazımov əlavə edib ki, makroiqtisadi hədəflərə nail olunması üçün fiskal siyasətlə pul siyasətinin effektiv koordinasiyası mühüm əhəmiyyət daşıyır.

“Əvvəlki illərdə olduğu kimi, növbəti ildə də Mərkəzi Bank Maliyyə Nazirliyi ilə valyuta bazarında vəziyyətin tənzimlənməsi və likvidliyin idarə edilməsi sahəsində sıx əməkdaşlığı davam etdirəcəkdir”, – deyə AMB sədri qeyd edib.

Şəbnəm Mehdizadə