Məzmuna keç

AMB 2027–2030-cu illər üzrə maliyyə strategiyasını hazırlayır

2027–2030-cu illər üzrə yeni maliyyə strategiyası hazırlanır.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

AMB sədri qeyd edib ki, 2024–2026-cı illər üzrə Maliyyə sektorunun inkişaf strategiyasının icrası bu il başa çatır. Strategiya üzrə nəzərdə tutulan işlərin 91 faizi plana uyğun icra edilib.

T.Kazımov bildirib ki, yeni strategiyada kredit təşkilatları üzrə innovativ xidmətlərin genişləndirilməsi və prioritet iqtisadi sahələrin maliyyələşdirilməsi əsas diqqət mərkəzində olacaq. Kapital bazarları ilə bağlı bazarda tələb və təklifin dəstəklənməsi yolu ilə dərinliyin artırılması və infrastrukturun inkişafı nəzərdə tutulur.

AMB sədri sığorta sektorunda sığorta və təkrarsığorta bazarının inkişafı, icbari sığortanın təkmilləşdirilməsi və infrastrukturun gücləndirilməsinin prioritet olacağını vurğulayıb.

Ödəniş sektoru üzrə isə innovativ ekosistemin və rəqabətli bazar şəraitinin inkişafı, milli ödəniş sisteminin dayanıqlılığının gücləndirilməsi hədəflənir.

T.Kazımov rəqəmsal transformasiya istiqamətində də nəzərdə tutulan tədbirləri açıqlayıb: “Rəqəmsal transformasiya çərçivəsində maliyyə infrastrukturunun və data idarə edilməsinin təkmilləşdirilməsi, süni intellektin tətbiqi və kiberdayanıqlılığın artırılması nəzərdə tutulur”.

O əlavə edib ki, peşəkar səriştələrin və maliyyə savadlılığının artırılması, bazar davranışlarına nəzarətin və istehlakçı hüquqlarının müdafiəsinin gücləndirilməsi də əsas prioritetlərdən olacaq.

AMB sədri bildirib ki, maliyyə sektorunun bütün seqmentlərində sabitliyin qorunması məqsədilə risklərin qabaqlayıcı müəyyən edilməsi, institusional potensialın və nəzarət mexanizminin gücləndirilməsi də nəzərdə tutulur.

Şəbnəm Mehdizadə