- 11:24
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumatda bildirilib ki, Ararat Mirzoyan və Feridun Sinirlioğlu Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi barədə də fikir mübadiləsi aparıblar.
Qeyd olunur ki, həmsöhbətlər Ermənistanla ATƏT arasında əməkdaşlıq, o cümlədən fərdi proqramların həyata keçirilməsi məsələlərinə toxunublar.
“Ararat Mirzoyan Ermənistanın ATƏT-in Minsk Qrupu ilə bağlı səsləndirdiyi yanaşmaya toxunub, həmçinin Ermənistanın sülh prosesinin digər komponentləri ilə bağlı irəli sürdüyü konstruktiv təklifləri təqdim edib”, - məlumatda deyilir.
Ermənistan və Azərbaycan arasında sülh prosesindən danışan Mirzoyan sazişin imzalanmasının vacibliyini vurğulayıb, iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin mətninin razılaşdırıldığını vurğulayıb.
Daha sonra Feridun Sinirlioğlu Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan tərəfindən qəbul edilib.