2027-ci ildə də pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaq.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
AMB sədri qeyd edib ki, 2027-ci ildə də Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində idarə edilməsi olacaq. Onun sözlərinə görə, pul siyasəti ilə bağlı qərarlar makroiqtisadi proqnozlara və təhlillərə əsaslanacaq.
T.Kazımov bildirib ki, növbəti ildə də məzənnə makroiqtisadi sabitliyin başlıca dayaq nöqtəsi kimi çıxış edəcək. Xarici balansın profisitli olması isə valyuta bazarında tarazlığı dəstəkləyəcək.
AMB sədri pul bazarında qısamüddətli faizlərin pul siyasətinin dəstəkləyici əməliyyat hədəfi kimi istifadə olunacağını diqqətə çatdırıb.
“Mərkəzi Bank mövcud alətlərdən istifadə etməklə qısamüddətli faizləri faiz dəhlizi daxilində idarə edəcəkdir. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi işləri davam etdiriləcəkdir”, – deyə o bildirib.
T.Kazımov əlavə edib ki, iqtisadi subyektlərin gözləntilərinə və davranışlarına təsir göstərmək məqsədilə pul siyasətinin effektiv kommunikasiyası növbəti ildə də diqqətdə saxlanılacaq.
Onun sözlərinə görə, kommunikasiya şəffaflığın artırılmasına, pul siyasətinin daha aydın anlaşılmasına və Mərkəzi Banka inamın gücləndirilməsinə xidmət edəcək.
Şəbnəm Mehdizadə
