Məzmuna keç

“Xüsusi icraat qaydasında baxılan işlərdə məhkəmə öz təşəbbüsü ilə sübut tələb edə bilər”

İddia icraatından fərqli olaraq, xüsusi icraat qaydasında baxılan işlərdə məhkəmə öz təşəbbüsü ilə sübut tələb edə bilər, bir şərtlə ki, məhkəmənin bu hərəkəti işdə iştirak edən şəxslərin heç birinin əleyhinə yönəlməsin.

Belə ki, qanuna görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM, maddə 77.1), o cümlədən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM, maddə 14.2). Göründüyü kimi, qanunda “tərəf” ifadəsindən istifadə olunub, xüsusi icraat qaydasında baxılan işlərdə isə tərəf olmur, ərizəçi və maraqlı şəxs olur, tərəf – iddiaçı və cavabdehdir (MPM, maddə 50.1). Müvafiq olaraq xüsusi icraatda bir tərəfin (iddiaçının) başqa tərəfə (cavabdehə) qarşı yönəlmiş maddi-hüquqi tələbi də olmur, ona görə məhkəmənin öz təşəbbüsü ilə sübut tələb etməsi onun statusuna – tərəfsizlik statusuna zidd sayılmır. Məsələn, xüsusi icraat qaydasında doğum və ya ölüm faktının müəyyən edilməsi barədə işlərə baxılarkən məhkəmə həmin faktları təsdiq edən sübutları öz təşəbbüsü ilə tələb edə bilər, çünki onun bu hərəkəti işdə iştirak edən şəxslərin heç birinin əleyhinə yönəlmir və məhkəmənin tərəfsizlik statusuna zidd sayılmır.

RF Ali Məhkəməsi Plenumunun “Mülki işlərin məhkəmə baxışına hazırlanması barədə” 24.06.2008-ci il tarixli 11 nömrəli qərarının 10-cu bədində də qeyd olunub ki, xüsusi icraat qaydasında baxılan işlər üzrə məhkəmənin öz təşəbbüsü ilə zəruri sübutları tələb etməsi istisna olunmur.

Namiq Cəfərov

Bakı Apellyasiya Məhkəməsinin hakimi