"Vəkillərin məhkəmə iclaslarında virtual iştirak etməsi praktikası dünyada geniş yayılıb. Bizim qanunvericilikdə də bu imkan nəzərdə tutulub, lakin geniş istifadə olunmur".
E-huquq.az xəbər verir ki, bu sözləri vəkil Ayazbəy Əhmədov deyib.
Onun sözlərinə görə, ölkəmizdə bu təcrübədən geniş istifadəyə ehtiyac var: "COVID-19" virusunun tüğyan etdiyi vaxtları məhkəmə sistemi ilə əlaqəsi olanlar yaxşı xatırlayırlar. Qarşıdan da COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) gəlir. Nə gözəl olardı bu təcrübənin genişləndirilməsi…"
"Dünən Nəsimi Rayon Məhkəməsində baxış iclasında iştirak etməli idim. Səhhətimdə yaranmış çətinliyə görə gedə bilmədim və bu barədə təsdiqedici sənədi təqdim etməklə məlumat verdim. Gözləmədiyim halda məhkəmədən mənə zəng olundu və videokonfrans vasitəsilə iclasda iştirak etməyim təklif olundu. Qoşuldum və yüksək səviyyədə iştirak etdim", – deyə vəkil qeyd edib.
Şəbnəm Mehdizadə
