Məzmuna keç

Dələduzluqda təqsirləndirilən iki qadının məhkəməsi keçirildi

Bakıda vətəndaşlara sosial evlərin verilməsində köməklik edəcəyi ilə bağlı vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Xəyalə Əliyeva və Arzu Nağıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər dindirilib.

Zərərçəkmiş Ofeliya Bayramova bildirib ki, təqsirləndirilən şəxslərdən Xəyalə Əliyevanı tanıyıb və ona 10 min manat zərər dəyib: "Qonşumgildə olarkən eşitdim ki, sosial evlərin verilməsində Xəyalə Əliyeva adlı bir xanım kömək edir. Xəyalə ilə tanış olanda mənə dedi ki, sosial evlərin verilməsində əlim keçir. Mən də pul düzəldib ona verdim. Sonra öyrəndim ki, sentyabr ayında evlər verildi. Mənə niyə ev verilmədiyini soruşduqda dedi ki, sizin evlər açılışdan sonra veriləcək. Deyirdi ki, pulu tez gətir, ev siyahısına səni tez sala bilim. 10 min 372 manat pul vermişəm və 1 ildən sonra şikayət etməyə başladım. O puldan cəmi min manat qaytarılıb".

Zərərçəkmiş Lalə Mehrəliyevanın sözlərinə görə, təqsirləndirilən şəxs Arzu Nağıyeva ilə ailəvi dost olub: "2019-cu ilin sentyabrında valideynlərim yaşadıqları evi satdılar və mənə o evdən pay olaraq pul verdilər. Mənim evim var idi, amma bacımın isə yox idi. Arzu Nağıyeva tez-tez mənə zəng edib deyirdi ki, evlər məhduddur, bacınla yanaşı, gəl sənə də ev götürək. O, özü makler kimi də fəaliyyət göstərirdi. Dedim ki, qoy, bacım Jalə Hacıyeva alsın, sonra mən alaram. Xəyalə ilə ilk tanışlığım Rəsulzadə qəsəbəsindəki notariusda oldu. Ümumilikdə bacım və mənə üçün evə görə Xəyaləyə 55 min manat nağd şəkildə pul verdim. Arzuya ona görə güvəndim ki, öz dayısı qızı üçün də ordan ev alıb. Notariusdan çıxanda Arzu ilə Xəyalə bir yerdə harasa getdilər. Arzu bizə demişdi ki, mərtəbə və bloku seçə bilərsən, lakin evin özünə baxmaq olmaz. Bizə deyirdi ki, sizin telefonunuza SMS gələcək və siyahıda adlarınızı görəcəksiniz".

Məhkəmənin növbəti iclası sentyabrın 18-nə təyin edilib.

Xatırladaq ki, cinayət işi üzrə 10 nəfər zərərçəkmiş qismində tanınıb. Hər təqsirləndirilən qadına qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu