Məzmuna keç

Bakıda arvadını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

Bakıda arvadını boğaraq öldürməkdə təqsirləndirilən Nurəddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı Fuad Musayev işin baxışa verilməsini məhkəməyə təklif edib.

Məhkəmə qısa müşavirədən sonra işin baxışa verildiyini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması ilə bağlı qərar qəbul edib.

Məhkəmənin ilk baxış iclası sentyabrın 12-nə təyin edilib.

Qeyd edək ki hadisə bu ilin mayında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, araşdırmalarla 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun rayonun Ramana qəsəbəsi ərazisində arvadı 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Nurəddin Məmmədov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu