Məzmuna keç

Prokuror “Məhsul” stadionunu “satan” vəzifəli şəxslərin məhkəməsi keçirilib

“Məhsul" stadionu adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilən Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Vəkil bildirib ki, Alik Həsənovla Nadir Əliyev arasında olan səs yazısına müstəqil ekspertiza mərkəzində baxılıb və səs yazısının saxta olmasına dair rəy verilib: "Həmçinin tərəflər "Məhsul" stadionu ilə bağlı pulu Nadir Əliyevə yox, Alik Həsənova veriblər. Mülki iddiaların da təmin edilməməsini istəyirəm".

Zərərçəkmiş şəxs Yusif Vəlixanov çıxış etmək istəsə də, ona imkan verilməyib. Səbəb isə Yusif Vəlixanovun Nadir Əliyevin vəkilinə irad bildirməsi olub: "Nadirlə Alik arasında olan səs yazısı düzgün ola-ola ekspertin verdiyi rəyi əsas götürmək nə qədər düzgündür? Vəkil, sən yalan danışırsan".

Sonra təqsirləndirilən şəxslərə son söz verilsə də, onlar çıxış üçün vaxt istədilər.

Məhkəmə prosesi 16 sentyabr tarixinə kimi təxirə salınıb.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxslərin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun həmin klubun istifadəsində olan keçmiş “Məhsul stadionu” adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirmələri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müraciətlər daxil olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Qeyd edilən hallarla bağlı toplanmış ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, cinayət işində 5 nəfər zərərçəkmiş qismində tanınıb.

Orxan Rasifoğlu