- 12 Mart 14:47
"Bu gün vəkil cübbələri ilə bağlı keçirilən sərgi həqiqətən də əlamətdar bir tədbirdir".
E-huquq.az-ın məlumatına görə, bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov “Dünya Vəkil Cübbələri və Atributları” sərgisinin açılış mərasimində çıxış edərkən deyib.
O, sərginin böyük marağa səbəb olduğunu deyib. "Sərgi həqiqətən çox gözəl təşkil olunub. Bu sərgidən sonra mediatorlarda da cübbəyə həvəs yaranıb. Nə dərəcədə doğru olar, deyə bilmərəm, amma bəlkə gələcəkdə mediatorlar üçün də xüsusi geyim forması təşkil edilə bilər".
N.Adilov çıxışında vəkilləri qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb: "Bilirsiniz ki, Mediasiya Şurasının təsisçilərindən biri Vəkillər Kollegiyasıdır. Kollegiya ilk gündən bizim yanımızda olub, ölkəmizdə mediasiya institutunun inkişafı üçün görülən işlərdə böyük dəstək göstərib. Bu gün Mediasiya Şurasının üzvləri arasında 100-dən çox vəkil var. Bu çox sevindirici haldır. Ümumilikdə Mediasiya Şurası ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq uğurla davam edir. Bir daha qarşıdan gələn "Vəkil günü" münasibətilə bütün vəkilləri təbrik edir, onlara müvəffəqiyyətlər arzulayıram".
Xəyalə Bünyatova