“Rüsumların artırılması məhkəmələrə müraciətlərin sayının azalmasına səbəb ola bilər. Bu da ədalətli çəkişmə prinsipinin pozulmasıdır”.
Bunu e-huquq.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, məhkəmələr əlçatan olmalıdır və vətəndaşların məhkəmələrə inamı artırılmalıdır: "Azərbaycanda məhkəmələrlə bağlı onsuz da ciddi problemlər var. Məhkəmələrin ləng işləməsi, qərarların ədalətli verilməməsi və sair buna misal ola bilər. Vətədaşlar bir çox hallarda Azərbaycan məhkəmələrində ədalətli qərar ala bilmədikdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edir. Avropa Məhkəməsinə edilən müraciətlərin sayının artması məhkəmə sistemində köklü islahatların aparılmasını labüd edir. Amma bu islahatlar olmadan birdən-birə cərimələrin və yaxud da rüsumların artırılması təbii ki, insanlarda ciddi narazılıq və narahatlıq yaradır. Azərbaycan vətəndaşları əmin olmalıdırlar ki, onların pozulan hüquqları məhkəmələr vasitəsi ilə bərpa ediləcək. Belə bir əminlik olmasa, Azərbaycanda ədalətsizlik mühitinin yaratdığı təsəvvürlər daha da dərinləşəcək”.

İqtisadçı sözügedən qanun layihəsinin qəbul olunmayacağına ümid etdiyini söyləyib: “Müraciətlərin daha ucuz, əlçatan və tez həll olunduğu bir məhkəmə sistemi olmalıdır. Vətəndaş məhkəmələrə istənilən an müraciət edə bilməli və əmin olmalıdır ki, məhkəmə ədalətli qərar verəcək. Bu prinsip təmin edildikdən sonra hansısa rüsumlarla bağlı müzakirə açmağa ehtiyac yarana bilər.
Hazırkı vəziyyətdə isə bu qanun layihəsi tamamilə yersizdir. Ümid edirəm ki, müzakirələrdən və cəmiyyətdə olan tənqidlərdən sonra qanun layihəsi geri çəkiləcək. Ən azından partiyamızın (REAL) parlamentdəki təmsilçisinin bu qanun layihəsinin əleyhinə səs verəcəyini dəqiq söyləyə bilərəm”.
N.Cəfərli məhkəmələrə əsassız vəsatət və şikayət verən vəkili 500 manatadək cərimələmək hüququnun verilməsi məsələsinə də toxunub.
“Bu anormal bir yanaşmadır. Çünki vəkillərin işi onsuz da vəsatət qaldırmaqdır. Onlar istənilən sayda, istənilən həddə vəsatət qaldırmaq hüququna malik olmalıdırlar. Onların işi bundan ibarətdir”, – deyə o qeyd edib.
Xəyalə Bünyatova
