- 5 İyun 17:53
"Cinayət Məcəlləmizin 298-ci maddəsi işlək deyil, onu "öldürən" isə hakimlərimizdir".
E-huquq.az xəbər verir ki, bunu Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı deyib.
Vəkil qeyd edib ki, Cinayət Məcəlləsinin 298-ci maddəsi "Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi" adlanır: "Bu əmələ görə, min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Bu maddə Məcəllənin "ölü" maddələrindən biri, bəlkə də birincisidir. Vəkilin şahidi və ya zərərçəkmişi sual atəşinə tutaraq işi bəraətə apardığını görən hakim, həmən müdaxilə edir: "Bilmirsənsə, de bilmirəm, yadından çıxıbsa, de ki, yadımdan çıxıb, istintaqa verdiyiniz ifadəni təsdiqləyirsiniz?" və sair sözləri hər gün hakimlərdən eşidirik".
Məsələ ilə bağlı e-huquq.az-a açıqlama verən Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini, hakim Əfqan Hacıyev isə bu kimi halla rastlaşmadığını deyib. Onun sözlərinə görə, şahid ifadəsini məhkəmədə xatırlamırsa, istintaqa verdiyi ifadə elan edilir və buna münasibəti soruşulur.
"Məhkəmədə şahidin ifadə vermək hüququ və məsuliyyəti ona izah olunur. Bəzən şahid deyir ki, xatırlamıram. İnsandır, ola bilər, yadından çıxsın. Bu halda qanunvericilikdə nəzərdə tutulub ki, hakimin səlahiyyəti var ki, onun ibtidai istintaqda verdiyi ifadəsini elan etsin və sonra münasibətini soruşsun. Öyrənsin ki, şahidin ifadəsi doğrudur, yoxsa yalandır. O da sonra ifadəsinə münasibətini bildirir. Təbii ki, şahid ifadə verməkdən imtina etdikdə cinayət məsuliyyəti daşıyır. Mənim təcrübəmdə indiyədək belə bir hal baş verməyib ki, kimsə ifadə verməkdən imtina etsin", - deyə hakim qeyd edib.
Xəyalə Bünyatova