Evinin pəncərəsinə baxmaq üstündə qonşusunu bıçaqlayan Rəşad İsmayılovun növbəti məhkəmə prosesi keçirilib.
E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Rəşad İsmayılovun məhkəmə prosesində şahidlər ifadə verib.
Təqsirləndirilən şəxsin anası Təranə İsmayılova şahid qismində ifadə verib. Onun sözlərinə görə, oğlu zərərçəkmiş Fərid Abıyevə yaşadıqları küçədən keçərkən evin pəncərəsinə baxmamağını söyləyib. Hadisə də elə bunun üstündə baş verib: "Rəşad hadisəni törədəndən sonra qaçıb gedib atasının qəbri üstünə. Biz isə Rəşadın bıçaqladığı Fəridi xəstəxanaya apardıq, bütün müalicəsini elədik. Bıçaqladığı digər şəxs Rahim Salamov isə Fəridin dayısıdır. Rahim isə oğluma ana-bacı söyüşü söyüb, hadisə də ona görə olub. Hadisədən sonra Fəridin anasına 3 min manat pul vermişəm. Deyib barışacağıq. Lakin barışmadılar. Daha sonra Rəşad onların qapısına gedərək niyə barışmadıqlarını soruşub. 2-ci hadisə ondan ondan sonra baş verib. Rəşad xəstədir, qolları da kəsikdir, Mən özüm onkoloji xəstəyəm. Həyat yoldaşım Birinci Qarabağ müharibəsi qazisi olub, rəhmətə gedib".
Təqsirləndirilən şəxsin vəkili vəsatət verərək zərərçəkmiş Rahim Salamovun R.İsmayılova taxta parçası ilə xəsarət yetirdiyini bildirib: "Rəşadın aldığı xəsarətlərlə bağlı Bakı İstintaq Təcridxanasına sorğu verməyinizi xahiş edirəm".
Vəkil, həmçinin R.İsmayılovla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi ilə razı olmadığını və Rəşada Cinayət Məcəlləsinin 121 və yaxud 122-ci maddəsinin tətbiq edilməsini istəyib: "Belə ki, Rəşadda psixi cəhətdən pozğunluq var, bədənindəki kəsiklərdə bunu sübut edir".
Vəkilin təkrar ekspertiza ilə bağlı vəsatəti təmin olunmayıb, R.İsmayılovun bədənindəki xəsarətlərlə bağlı təcridxanaya sorğu göndərilməsi ilə bağlı vəsatət isə təmin olunub.
Məhkəmə prosesi sentyabr ayının 18-nə kimi təxirə salınıb.
Xatırladaq ki, hadisə ötən ilin sentyabr ayında Səbail rayonu, Salyan şosesində qeydə alınıb. Rəşad İsmayılov ilk olaraq 1992-ci il təvəllüdlü Abıyev Fərid Mehman oğlunu şəxsi münasibətlər zəminində üzərində gəzdirdiyi cib bıçağı ilə bıçaqlayıb. Daha sonra onun dayısı Rahim Salamovun başına daş parçası ilə bir neçə xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
