Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Gülnarə Eynullayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Kamran Muxtarovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Eynullayeva Gülnarə Rasim qızı idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolayrıcı səddi aşaraq əks istiqamətdə hərəkətdə olan paytaxt sakini, 1990-cı il təvəllüdlü Qurbanov Səid Elmar oğlunun idarə etdiyi avtomobillə toqquşub. Nəticədə S.Qurbanov hadisə yerində ölüb, G.Eynullayeva və sərnişinləri – 2000-ci il təvəllüdlü Bağırov Nicat Arzu oğlu və 1981-ci il təvəllüdlü Abbasov Səbuhi İslam oğlu aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
