Vəkillər Kollegiyasının rəhbərliyi Gəncədə erməni terroru nəticəsində dağıdılmış əraziyə baş çəkib


  • 26 Oktyabr 14:17

Dünən Vəkillər Kollegiyasının sədri Anar Bağırov və sədr müavini Pərviz Ələkbərov erməni terroruna məruz qalmış Gəncə şəhərinə səfər edib.

E-huquq.az xəbər verir ki, Vəkillər Kollegiyasının rəhbərliyi səfər zamanı atəşə məruz qalmış binalar və digər mülki obyektlərlə yerində tanış olub, terror qurbanlarının xatirəsi ehtiramla yad olunub.

Daha sonra düşmənin mənfur hücumları nəticəsində həlak olmuş və zərər çəkmiş şəxslərin ailə üzvləri ilə görüş keçirilib, onların ehtiyacları və cari problemləri öyrənilib.

Kollegiya sədri Gəncə şəhərində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, o cümlədən erməni terroru nəticəsində zərər çəkmiş şəxslərə dəstək məqsədi ilə yaradılmış ictimai qərargahın fəaliyyəti ilə tanış olub, Vəkillər Kollegiyasının zərurət halında istənilən formada qərargaha dəstək göstərəcəyini bildirib.

Səfər zamanı erməni terrorundan zərər çəkmiş şəxslərlə bağlı Gəncə şəhər Vəkil Bürosu tərəfindən müvafiq arayışların tərtib olunaraq Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim olunması, bu arayışlar əsasında zərər çəkmiş şəxslərə Vəkillər Kollegiyası tərəfindən mümkün olan hər cür dəstəyin göstərilməsi barədə tapşırıqlar verilib.

Oxşar xəbərlər