Kəndlərdə məktəb və tibb məntəqələrinin bağlanması əhali köçünü sürətləndirə bilər.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında deyib.
Deputat bildirib ki, Azərbaycanda 4 244 kənd yaşayış məntəqəsi var və onlardan yalnız 100-də əhalinin sayı 5 min nəfəri ötür: “Gədəbəy, Daşkəsən, Lerik, Yardımlı, Qusar, Quba, Şahbuz və digər dağlıq, sərhədyanı rayonlarda əhali azaldıqca məktəbin, tibb məntəqəsinin, poçt və bank xidmətlərinin saxlanması çətinləşir. Əvvəl uşaqların sayı azalır, sonra məktəbin qalması sərfəli sayılmır, müəllim və həkim də başqa yaşayış məntəqəsinə üz tutur. Beləcə, ailəni kənddə saxlayan şərait daha da zəifləyir”.
Z.Oruc diqqətə çatdırıb ki, təkcə 2026-2027-ci tədris ilində Gədəbəydə üç məktəbin ləğvi ilə bağlı qərar qəbul edilib.
O, həmçinin kənd tibb məntəqələrinin sayının 2024-cü ildəki 1 603-dən 2025-ci ildə 1 512-yə düşdüyünü bildirib. Bununla yanaşı, həmin dövrdə tibb məntəqələrinə müraciətlərin sayı 1 milyon 263 mindən 1 milyon 414 minə yüksəlib.
Deputatın fikrincə, dövlət xidmətlərinin taleyi yalnız rentabellik prinsipi əsasında müəyyən edilərsə, bir müddət sonra həmin xidmətlərə ehtiyacı olan insanların da kəndlərdən köçməsi ilə üzləşmək mümkündür.
