- 24 İyun 2022 22:20
Ədalət mühakiməsinin həyata keçirilməsinin əsas təminat mexanizmlərindən biri də məhkəmə qərarlarının icra edilməsidir. Ədalət mühakiməsinə çatım fərdlərə imkan verir ki, hüquqlarının pozulmasına qarşı özlərini müdafiə etsinlər, hansı ki bu müdafiənin əsas vasitəsi qismində məhkəməyə müraciət etmək hüququ və qəbul edilmiş məhkəmə qərarının icra olunması çıxış edir.
Roman-German hüquq sisteminin tətbiq olunduğu ölkələrin qanunvericiliyində, o cümlədən Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyində xarici dövlətlərin məhkəmə qətnamələrinin icrası və tanınması institutu nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (AR MPM) 463-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, arbitraj məhkəmələrinin qətnamələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür. Bəzi hallarda, xarici dövlətin məhkəməsi trəfindən hər hansı hüquqi faktın tanınması və bu qəbildən olan digər məhkəmə aktlarının qətnamə şəklində qəbul edilməməsi əsası ilə onların tanınmasının mümkünsüz olduğu qənaətinə gəlinir. Qanunvericiliyin şərh edilən normasından da göründüyü kimi, xarici dövlətin çıxardığı və həmin ölkədə qanuni qüvvəyə minən və tanınması mümkün hesab edilən aktların dairəsi məhdudlaşdırılmamışdır.
Bəs hansı şərtlər müvcud olduqda xarici dövlətin məhkəmə qətnaməsinin tanınması və icrası mümkün hesab edilir?
AR MPM-in 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.Mülki prosessual qanunvericilik Azərbaycan Respublikasında xarici məhkəmə qətnamələrinin tanınması və icra olunmasının üç halını müəyyən etmişdir:
Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallarda;
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda;
qarşılıqlı anlaşma əsasında.
Lakin, qarşılıqlı anlaşma və ya təminatlandırılma məfhumunun leqal anlayışı qanunda öz əksini tapmamışdır.
Kontinental hüquq sistemli ölkələrdə, xüsusilə Almaniyada qarşılıqlı təminatlandırılma məfhumu tanınmalı olan məhkəmə qətnaməsinin qəbul olunduğu ölkədə alman və ya digər ölkələrin məhkəmə qətnamələrinin bərabər şərtlər altında tanınması və icra olunması ilə şərtləndirilir.
Yəni, dövlətin hansısa beynəlxalq müqaviləyə tərəfdar çıxmaması və ya dövlətlər arasında hüquqi yardım göstərilməsinə dair müvafiq ikitərəfli və ya çoxtərəfli müqavilənin olmaması xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasından imtina üçün əsas olmamalıdır.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri vəməhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Bu maddəni geniş təfsir etdikdə, məhkəmə qətnaməsini çıxarmış məhkəmə həmin qətnamənin tanınmasına (o cümlədən, icrası) nəzarəti həyata keçirməlidir. Qarşılıqlılığın qiymətləndirilməsi tanınma və icra barədə xarici dövlətin hüququnun Azərbaycan Respublikası hüququ ilə konkret müqayisəsinə əsaslanmalı və qətnamələrin icrası ilə bağlı mövcud praktika nəzərə alınmalıdır.
Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı təcrübəyə görə məhkəmə qərarlarının o cümlədən, xarici məhkəmə qərarlarının icra olunması "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsində ehtiva olunan ədalətli məhkəmə araşdırmasının ayrılmaz tərkib hissəsidir.
Beləliklə, Azərbaycan Respublikası ilə müvafiq dövlətin arasında məhkəmə qətnamələrin tanınması və icrası barədə beynəlxalq müqavilənin olmadığı halda, həmin ölkənin hüquq sistemində qarşılıqlı təminatlandırılma məfhumunun mövcudluğuna diqqət edilməli, həmçinin həmin ölkədə Azərbaycan Respublikası adından çıxarılan müvafiq növ məhkəmə qətnamələrinin icrası və tanınmasının qiymətləndirilməsi həyata keçirilməli və buna müvafiq olaraq məhkəmə qətnamələrinin tanınması və icrasına münasibətdə qarşılıqlı anlaşma və ədalətli məhkəmə araşdırması hüququnun realizəsi təmin olunmalıdır.
Hicrət Hüseynzadə
"Mirzayev and Partners Law Firm" hüquq şirkətinin hüquqşünası