İşə götürərkən hansı şəxslərə sınaq müddəti tətbiq olunmur?


  • 19 Yanvar 2023 16:49

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.

E-huquq.az xəbər verir ki, qanunvericiliyə əsasən, sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

Bəs işə götürərkən hansı şəxslərə sınaq müddəti müəyyən edilmir?

Əmək Məcəlləsinin 52-ci maddəsində sınaq müddəti müəyyən edilməyən hallar müəyyənləşib.

Belə ki, əmək müqaviləsi bağlanılarkən yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə, iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə və tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda sınaq müddəti müəyyən edilmir.

Eltac Nurullazadə

Oxşar xəbərlər