Bakı 8 saylı Mediasiya Təşkilatında son 6 ayda 330 barışıq sazişi bağlanıb


  • 2 İyul 09:37

Bu ilin ilk 6 ayı ərzində Bakı 8 saylı Mediasiya təşkilatında 330 sayda barışıq sazişləri bağlanıb.

Bu barədə e-huquq.az-a təşkilatın mediatoru Aqil Əsgərov məlumat verib.

Onun sözlərinə görə, 2025-ci ilin yanvar-iyun ayları ərzində Bakı 8 saylı Mediasiya təşkilatına “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan ailə, əmək, kommersiya və mülki kateqoriyasına aid olan işlərdən 1313-nə nəticə verilib: "Bu işlərdən 330-u hər iki tərəfin qarşılıqlı razılığı ilə bağlanan barışıq sazişləri ilə nəticələnib ki, bu göstərici 660 nəfər vətəndaşımızın məmnun qalması ilə bərabər, mediasiyanın uğurlu tətbiqi nəticəsində bu işlərin məhkəməyə getməsinin qarşısı alınıb".

A.Əsgərov deyib ki, eyni zamanda bu işlərdən 212-si üzrə mediasiya prosesinə xitam verilib: "Belə ki, tərəflər öz aralarında yaranan mübahisəni həll etdiklərinə görə, mediasiya prosesi davam etdirilməyib".

Mediator onu da bildirib ki, 584 iş üzrə isə İlkin mediasiya sessiyasında yalnız bir tərəf iştirak edib, 187 iş üzrə isə İlkin mediasiya sessiyasında hər iki tərəf iştirak etsə də, onlar tam mediasiya sessiyasına getməkdən imtina ediblər: "Bu səbəbdən də bu işlə üzrə barışıq sazişinin əldə olunması mümkün olmayıb".

"Lakin önəmli göstərici ondan ibarətdir ki, mediasiya sessiyalarında hər iki tərəfin iştirak etdiyi 517 iş üzrə 330-u yəni təxminən 64%-i barışıq sazişlərinin bağlanması ilə nəticələnib. Bu fakt bir daha göstərir ki, düzgün idarə olunan mediasiya prosesi mübahisələrin məhkəməyə getmədən, sülh yolu ilə həllində yüksək effektivlik nümayiş etdirir. Bu barışıq sazişləri, adları aşağıda qeyd edilən peşəkar mediator həmkarlarım tərəfindən təşkilatla qarşılıqlı şəkildə razılaşdırılaraq onlara ayrılan iş yükünə və baxdıqları işlərə mütanasib şəkildə təsdiq edilmişdir. Belə ki, 330 sayda barışıq sazişləri təşkilat rəhbəri - mediator Mayıl Əhməd tərəfindən 83 iş üzrə, mediatorlar Azad Rzayev 62 iş üzrə, Aqil Əsgərov 53 iş üzrə, Zümrüd Əsgərova 36 iş üzrə, Vüqar Nağıyev 18 iş üzrə, Natəvan Muradova 18 iş üzrə, Mətanət Şahbazova 17 iş üzrə, Vüsal Rzayev 16 iş üzrə, Ceyhun Aslanov 12 iş üzrə, Rəna Muxtarova 7 iş üzrə, Nurlanə Həsənova 5 iş üzrə, Səbirə Əliyeva 2 iş üzrə və mediator Tünzalə Hacıyevanın vasitəçiliyi ilə 1 iş üzrə bağlanaraq təsdiq edilib", - deyə A.Əsgərov qeyd edib.

O deyib ki, 2022-ci ildən bu günə kimi Bakı 8 saylı Mediasiya Təşkilatının mediatorları tərəfindən barışıq sazişlərinin bağlanması və vətəndaşlara keyfiyyətli mediasiya xidmətləri göstərilməsinin təməli təşkilatda düzgün marketinq işinin aparılması, mediatorlar arasında şəffaf iş bölgüsü, mediasiya sessiyalarının konfidensial şəraitdə keçirilməsi üçün əlverişli iş şəraitinin yaradılması, habelə mediator və işçi heyətinin qanunvericiliyə uyğun şəkildə maddi-texniki baza ilə təmin edilməklə düzgün motivasiya edilməsindədir: "Hesab edirəm ki, kollektiv şəkildə göstərdiyimiz bu müsbət dinamika, ümumilikdə ölkə üzrə mediasiya institutunun inkişafına verilən bir töhfədir. Keyfiyyətli mediasiya xidmətlərindən faydalanmaq məqsədi ilə vətəndaşlarımıza məhz Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etməyi məsləhət bilirəm".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər