Bakı 8 saylı Mediasiya Təşkilatının direktoru Moskvada rusiyalı həmkarı ilə görüşdü - FOTO


  • 25 İyul 15:43

Bakı 8 saylı Mediasiya Təşkilatının direktoru, Mediasiya Şurasının üzvü Mayıl Əhməd Rusiya Federasiyasının Moskva şəhərində mediator həmkarı ilə görüş keçirib.

E-huquq.az-ın məlumatına görə, M.Əhməd 23-24 iyul tarixlərində Moskva şəhərinə səfər edib. Səfər çərçivəsində o, mediator, psixoloq, biznes təlimçisi, həmçinin Rusiya Təhsil Nazirliyi nəzdində təhsil müəssisələrində mediasiya və barışıq xidmətlərinin inkişafı üzrə Ekspert Şurasının üzvü olan Kozlov Anatoliy Andreyeviçlə görüşüb.

Görüş zamanı M.Əhməd rusiyalı həmkarının suallarını cavablandıraraq, Azərbaycan mediasiya sisteminin hüquqi çərçivəsi, inkişaf mərhələləri, təşkilati strukturu, “Mediasiya haqqında” Qanunun tətbiq mexanizmləri barədə geniş və əhatəli məlumat verib. O, eyni zamanda ölkəmizdə 2022-ci ildən etibarən dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərən mediasiya təşkilatlarının fəaliyyəti və rəhbərlik etdiyi Bakı 8 saylı Mediasiya Təşkilatının uğurlu statistik göstəriciləri barədə də məlumat verib.

M.Əhməd, A. Andreyeviçin konkret sualını cavablandırarkən bildirib ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, mediasiya təşkilatı qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərərək mediasiyanın inkişafı və təkmilləşdirilməsi məqsədilə bir sıra funksiyaları yerinə yetirir. Bu funksiyalar sırasında mediasiya xidmətlərinin marketinqi, mediatorlara xidmət haqqının və digər xərclərin ödənilməsinə dair qaydaların müəyyənləşdirilməsi, danışıqlar üçün şəraitin yaradılması, mediatorların təyini və onların effektiv fəaliyyətini dəstəkləyən tədbirlərin həyata keçirilməsi yer alır.

Görüş zamanı rusiyalı mediator A.Andreyeviç bildirib ki, Azərbaycan mediasiya sisteminə və bu sahəyə dövlətin göstərdiyi dəstəyə böyük maraqla yanaşır. O qeyd edib ki, Rusiyada “Mediasiya haqqında” qanun 2014-cü ildən tətbiq olunur, lakin bu institut Azərbaycandakı kimi sistemli və Mediasiya Şurası kimi vahid qurumlar çərçivəsində deyil, əsasən lokal formada və tərəflərin könüllü müraciəti əsasında fərdi mediatorlar vasitəsilə həyata keçirilir.

Andreyeviç əlavə edib ki, 4 iyul 2025-ci il tarixli, № 3-пр protokolla təsdiqlənmiş Rusiya Federasiyası Hökuməti yanında sosial sahədə qəyyumluq məsələləri üzrə Şuranın iclasında qəbul edilən qərara əsasən, ailə mediasiyası və uşaqların, ailələrin rifahına yönəlmiş qurumların fəaliyyətində mediasiya yanaşmasının inkişafı üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Eyni zamanda, ailə mübahisələrinin məcburi mediasiyadan keçirilməsi effektiv üsul kimi dəyərləndirilib.

O, həmçinin Azərbaycan və Rusiya vətəndaşlarının daxil olduğu qarışıq ailələrin dəstəklənməsi, nikah münasibətlərindən irəli gələn münaqişələrin alternativ yollarla həlli və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsini təklif edib.

M.Əhməd isə, konfidensiallıq qaydalarına əməl olunmaqla, icraatında olan konkret bir ailə mediasiyası işi barədə həmkarına məlumat verib. Belə ki, Rusiya vətəndaşı olan və orada daimi yaşayan bir xanım ilə Azərbaycan vətəndaşı olan həyat yoldaşı arasında birgə nikah dövründə əldə olunmuş, hər iki ölkədə yerləşən daşınar və daşınmaz əmlakların bölgüsü, uşağın ananın yanında qalması şəraitində atanın onunla ünsiyyət qaydasının müəyyənləşdirilməsi, aliment ödənilməsi və digər məsələlər üzrə 11 bənddən ibarət qarşılıqlı razılıq əsasında barışıq sazişi imzalanıb və tərəflər bu nəticədən məmnun qalıb.

Görüşün sonunda tərəflər mediasiya institutunun və mediasiya xidmətlərinin hər iki ölkədə daha yüksək səviyyəyə çatdırılması məqsədilə təcrübə mübadiləsinin davam etdirilməsini zəruri hesab ediblər. Bu məqsədlə maraqlı tərəflərin iştirakı ilə “Zoom” və digər onlayn platformalar üzərindən görüşlərin təşkili, eləcə də hər iki ölkənin mediatorları arasında qarşılıqlı səfərlərin reallaşdırılması üçün müvafiq proqramın hazırlanması təklif olunub.

Sonda A.Andreyeviç M.Əhməd vasitəsilə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün mediatorlara və mediasiya təşkilatlarında çalışan əməkdaşlara səmimi salamlarını çatdırmağı xahiş edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər