Ramin Əliyev: "Mediasiya mübahisələrin ən səmərəli həll yoludur"


  • 3 Sentyabr 16:47

"Bu gün dünyada və Azərbaycanda mübahisələrin həllində ən çox üstünlük verilən alternativ üsullardan biri mediasiyadır".

Bunu e-huquq.az-a açıqlamasında Bakı 8 saylı Mediasiya Təşkilatının mediatoru Ramin Əliyev deyib.

Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, mediasiya həm ailə, həm əmək, həm mülki, həm də kommersiya mübahisələrinin sülh yolu ilə, məhkəməyə getmədən həll olunmasına imkan yaradır.

R.Əliyev bildirib ki, mediasiya mübahisə tərəfləri arasında qərəzsiz vasitəçi olan mediatorun iştirakı ilə dialoq qurularaq, barışıq və qarşılıqlı anlaşma yolu ilə razılığın əldə olunmasıdır.

Bu metodun əsas üstünlüklərinə gəldikdə isə, mediator mübahisələrin tez və səmərəli həllini, maddi və vaxt itkisinin minimuma endirilməsini, tərəflər arasında münasibətlərin qorunması və bərpasını, eləcə də məxfilik və könüllülük prinsiplərini vurğulayıb.

R.Əliyev qeyd edib ki, ölkəmizdə "Mediasiya haqqında" Qanunun qəbulundan və bu qanunun 2021-ci ildən tətbiqindən sonra mediasiya geniş şəkildə tətbiq olunmağa başlanıb: "Xüsusilə ailə, əmək və kommersiya sahəsində mübahisələrin həllində mediasiya praktiki nəticələr verir. Ölkəmizdə bu institut üzrə uğurlu təcrübə yaradan Bakı 8 saylı Mediasiya Təşkilatı xüsusi rol oynayır. Burada çalışan mediatorlar mübahisələrin sülh yolu ilə həllinə yardım edir, tərəfləri məhkəməyə müraciət etmədən qarşılıqlı razılığa gəlmələrinə şərait yaradırlar. Elə bunun nəticəsidir ki, təkcə bu ilin avqust ayında təşkilatımızda 80 sayda barışıq sazişləri bağlanmış və 160 sayda vətəndaş bundan faydalanaraq məmnun qalıb"

2023-cü ildən etibarən Mediasiya Şurasının üzvü olduğunu və Bakı 8 saylı Mediasiya Təşkilatında xidmət müqaviləsi əsasında mediator kimi fəaliyyət göstərdiyini bildirən R.Əliyev fəaliyyəti ərzində çoxsaylı ailə, mülki və kommersiya mübahisələrinin həllində vasitəçilik etdiyini və uğurlu barışıq sazişlərinin bağlanmasına nail olduğunu vurğulayıb.

"Mənim üçün mediasiya sadəcə qanunla tənzimlənən proses deyil, həm də insan münasibətlərini qoruyan, barışıq və sülh mədəniyyətini inkişaf etdirən bir dəyərdir", - deyə o, sonda bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər