"Mediasiya mübahisələrin qarşılıqlı anlaşma yolu ilə həllinə şərait yaradır" - Mətanət Şahbazova


  • 16:31

"Müasir hüquqi münasibətlər sistemində vətəndaşlar arasında yaranan mübahisələrin səmərəli, ədalətli və operativ qaydada həlli cəmiyyətin davamlı inkişafı və sosial sabitliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə mediasiya institutu alternativ mübahisə həlli mexanizmi kimi xüsusi yer tutur".

Bu barədə e-huquq.az-a açıqlamasında Bakı 8 saylı Mediasiya Təşkilatının mediatoru Mətanət Şahbazova deyib.

O bildirib ki, mediasiya tərəflər arasında mübahisələrin müstəqil və qərəzsiz vasitəçinin iştirakı ilə, qarşılıqlı razılıq əsasında həll edilməsinə xidmət edən hüquqi mexanizmdir.

Bu yanaşma vətəndaşlara bir sıra əhəmiyyətli üstünlüklər təqdim edir:

Vaxt və resurslara qənaət - Mediasiya məhkəmə prosesləri ilə müqayisədə daha qısa müddətdə yekunlaşır, tərəflərə zamana qənaət imkanı yaradır.

Maliyyə yükünün azalması - Prosesin səmərəliliyi əlavə hüquqi və inzibati xərclərin minimuma endirilməsinə şərait yaradır.

Məlumatların məxfiliyi - Tərəflərin şəxsi və işgüzar maraqları qorunur, məlumatlar məxfi saxlanılır.

Sosial münasibətlərin qorunması - Mediasiya tərəflər arasında qarşılıqlı hörmət və əməkdaşlıq mühitinin qorunmasına xidmət edir.

Razılığa əsaslanan qərar - Nəticə tərəflərin könüllü razılığı ilə formalaşdığından, onun icrası daha dayanıqlı və effektiv olur.

2023-cü ildən Bakı 8 saylı Mediasiya Təşkilatında mediator kimi fəaliyyət göstərən Mətanət Şahbazova bildirib ki, mediasiya yalnız mübahisələrin həlli deyil, eyni zamanda vətəndaşların hüquqlarının daha humanist və münasib üsullarla qorunması üçün müasir hüquqi vasitədir: "Bu proses sülhə əsaslanan cəmiyyətin inkişafına töhfə verir. Nəticə etibarilə, mediasiyanın geniş şəkildə tətbiqi və təbliği hüquqi maarifləndirmənin artırılmasına, mübahisələrin qarşıdurma əvəzinə qarşılıqlı anlaşma yolu ilə həllinə şərait yaradır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər