"Barışıq sazişləri Bakı 8 saylı Mediasiya təşkilatında uğurlu mediasiya fəaliyyətinin nəticəsidir"


  • 2 Oktyabr 12:40

"Ölkəmizdə son illərdə hüquq sistemində alternativ mübahisə həlli mexanizmi kimi formalaşan və uğurla tətbiq olunan mediasiya institutu, artıq cəmiyyətin müxtəlif təbəqələri tərəfindən qəbul olunmuş və effektivliyi sübut olunmuş bir vasitəyə çevrilib".

Bunu e-huquq.az-a açıqlamasında Mediasiya Şurasının üzvü, Bakı 8 saylı Mediasiya təşkilatının mediatoru Azad Rzayev söyləyib:

O bildirib ki, mediasiya prosesi ailə, mülki, əmək, kommersiya və inzibati mübahisələr də daxil olmaqla, həyatın müxtəlif sahələrində tərəflər arasında yaranan ixtilafların sülh yolu ilə və qarşılıqlı razılaşma əsasında həllini təmin edir:

"Təəssüf ki, hələ də bəzi siravi vətəndaşlarımız və ya iş adamları mediasiya imkanlarından xəbərsizdir. Bu səbəbdən də şəxsi, ailə və müqavilə öhdəliklərindən yaranan mübahisələrini yalnız məhkəmə müstəvisində həll etməyə üstünlük verirlər. Halbuki mediasiya, tərəflər üçün vaxt və maliyyə resurslarına qənaət etməklə yanaşı öz aralarında illərlə yaranan işgüzar münasibətləri qoruyaraq münaqişəni qarşılıqlı razılıqla sona çatdırmaq fürsəti yaradır".

A.Rzayev deyib ki, fəaliyyətə başladığı son üç il ərzində Bakı 8 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediatorların peşəkarlığı və əzmkar fəaliyyəti nəticəsində bir çox ailə, əmək, mülki və kommersiya kateqoriyasına aid olan mübahisələr məhkəməyə getmədən uğurla həll olunub, tərəflər arasında bağlanan Barışıq Sazişləri mediatorlar tərəfindən təsdiq edilib:

"Qeyd etmək istərdim ki, barışıq sazişi dedikdə yalnız ailə mübahisələrində barışma (məsələn, nigahın davam etdirilməsi və s.) deyil, eyni zamanda tərəflərin irəli sürdüyü konkret tələblər üzrə (məsələn, ailə mübahisələri üzrə birgə nikah dövründə əldə olunan əmlak rejiminin müəyyən edilməsi, usaqla ünsiyyət qaydasını müəyyən edilməsi, aliment məbləğinin və ödəniş qaydasının müəyyən edilməsi və s.) özlərinin qarşılıqlı razılıq əsasında və konfidensial qaydada əldə etdikləri razılaşmanı da nəzərdə tutulur. Kommersiya və mülki xarakterli mübahisələrə gəldikdə isə mediasiya sessiyası konfidensial şəraitdə yəni sahibkarlıq fəaliyyəti ilə məşqul olan fiziki şəxslərin mülki və hüquqi şəxlərin kommersiya xarakterli (məsələn, mübahisə predmeti olan müqavilənin tərəfləri, şərtləri bu müqavilə üzrə öhdəliklər və s.) konkret tələbləri üzrə (məsələn, tərəfin yaratdığı borc ödənişlərinin qəbul və etiraf edilməsi, ödənişlər üzrə yeni müddətlərin dəqiqləşdirilib təsdiq edilməsi və s.) Barışıq Sazişində təsdiq etdikləri razılaşmanı nəzərdə tutulur. Mülki və kommersiya mübahisələri üzrə tərəflər barışıq sazişi bağladıqda, özlərini həm də uzun – uzadı iddia icraatı qaydasında baxılan məhkəmə çəkişmələrindən və iddia tələbi üzrə sübutetmə vəzifələrindən azad etmiş olurlar. Belə ki, tərəflərdən biri barışıq sazişi üzrə öhdəliklərini icra etmədikdə, maraqlı tərəf məhkəməyə daha sadə qaydada xüsusi icraat qaydasında ərizə ilə müraciət olunur və bu ərizəyə Mülki Prosessual Məcəlləsinin tələbləti üzrə 10 gün müddətində baxılaraq qətnamə çıxarılır”.

A.Rzayev sonda vətəndaşlara çağırış edib:

"Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanununun 4.1-ci maddəsinə əsasən, mediasiyanın əsas məqsədi tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllinin təmin edilməsidir. Bakı 8 saylı Mediasiya Təşkilatının mediatorları olaraq bu məqsədə uyğun fəaliyyət göstərir və qanunun tələblərinə tam cavab veririk. Mediasiya Sazişləri bizim təşkilatda fəaliyyət göstərən – pofesional mediatorların uğurlu fəaliyyətinin bariz göstəricisidir. Vətəndaşları mübahisələrin konstruktiv şəkildə və qarşılıqlı anlaşma əsasında həlli üçün mediasiya imkanlarından istifadə etməyə və bu məqsədlə Bakı 8 saylı Mediasiya Təşkilatının xidmətlərindən faydalanmağa çağırıram".

Humay Eminqızı

Oxşar xəbərlər