- 2 Oktyabr 12:40
“Mübahisələrin məhkəmədənkənar həll üsulu olan mediasiya dünyada olduğu kimi, ölkəmizdə də həm mülki, habelə kommersiya sektorunda daha cəlbedici həll vasitəsi kimi təşəkklü tapmaqdadır və biznes mühütü üçün mübahisələrin həllində üstünlük qazandıran, hüquq və maraqları daha çevik, xərclərə qənaətli və sülhə yönəlik yollarla təmin edilə bilən vasitədir”.
Bunu e-huquq.az-a açıqlamasında Mediasiya Şurasının üzvü, Bakı 8 saylı Mediasiya təşkilatının mediatoru Ceyhun Aslanov söyləyib.
Müsahibimiz Ceyhun Aslanov 2023-cü ildən etibarən Mediasiya Şurasının üzvü olaraq, Bakı 8 saylı Mediasiya təşkilatında mediator kimi fəaliyyət göstərir. 2024–2025-ci illər ərzində Mediasiya Şurasının Daxili Audit Komitəsinin üzvü kimi ictimai fəaliyyətlə də məşğul olmuşdur.
O bildirib ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, mülki və kommersiya mübahisələri tərəflərin könüllülük prinsipinə əsaslansa da, bəzi hallarda (məsələn sahibkarlıq subyekləri arasında bağlanan müqavilə öhdəliklərində mübahisələrin məhkəməyədək həlli kimi məhz mediasiyada iştirak qeyd - şərt olaraq göstərildiyi hallarda) məhkəməyə müraciət etməzdən əvvəl hüquqi şəxslər arasında mübahsələr mediasiya sessiyasında tərəflərin iştirakı ilə açıq məhkəmə prosesindən fərqli olaraq, konfidensial (tərəflərin kommersiya sirri təşkil edilən məlumatların qorunması və s.) şəraitində qarşılıqlı razılıq əsasında baxılaraq həll olunmaqdadır:
“Bu kimi hallarda udan və uduzan tərəf olmadığından, tərəflər arasında illərdir yaranan işgüzar münasibətlərə zərər dəyə bilən amillər aradan qalxır və hüquqi şəxslər arasındakı əməkdaşlıq daha sonrakı dövrlərdə də davam etmiş olur”.
C. Aslanov deyib ki, Mülki və kommersiya mübahisələri üzrə tərəflər barışıq sazişi bağladıqda, özlərini həm uzun – uzadı iddia icraatı qaydasında baxılan məhkəmə çəkişmələrindən və iddia tələbi (mübahisə predmeti) üzrə prosesdə sübutetmə vəzifələrindən azad etmiş olurlar:
“Belə ki, tərəflərdən biri mediasiya sessiyasında bağlanan və öhdəliklər əks edilən “barışıq sazişi” üzrə öz üzərinə düşən öhdəliklərini icra etmədikdə, maraqlı tərəf məhkəməyə daha sadə qaydada və cəmi bir yüz manat rüsum ödəməklə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmiş olur və bu ərizəyə Mülki Prosessual Məcəlləsinin tələblətinə əsasən məhkəmədə 10 gün müddətində baxılaraq qətnamə çıxarılır”.
O qeyd edib ki, sahibkarlar və iş adamları mülki və kommersiya mübahisələri üzrə ənənəvi iddia icraatı qaydasında məhkəməyə üz tutduqda isə onları iddia tələbinin həcminə mütənasib olan dövlət rüsusumu ödəmək vəzifəsi, ödənişli hüquq xidmətlərindən istifadə etmək və üç məhkəmə instansiyasında uzana bilən ağır məhkəmə çəkişmələri gözləyir.
“Beynəlxalq təcrübəyə nəzər saldıqda isə, mediasiya dünyada xüsusilə kommersiya mübahisələrində, beynəlxalq ticarət və sərhədlərarası (foreign related) mübahisələrdə geniş istifadə olunur. Ona görə mediatorlar çox vaxt müxtəlif hüquq sistemlərini (common law, civil law), beynəlxalq müqavilələri və arbitraj normativlərini nəzərə alaraq fəaliyyətdə olurlar. Beynəlxalq təcrübədə mediatorlar barışıq sazişləri və mediasiya anlaşmaları təsdiq edərkən, tərəflərin maraqlarına, logistika, mədəniyyət fərqlərinə, dil və kommunikasiya məsələlərinə xüsusi diqqət yetirirlər”, - C. Aslanov bildirib.
Təşkilatın üzvü sonda vətəndaşlara çağırış edib:
“Yuxarıda göstərilən səbəbləri və xüsusatlara əsaslanaraq, iş adamlarını, sahibkarlıq subyeklərini mülki və kommersiya mübahisələrini konstruktiv və qarşılıqlı anlaşma əsasında həll etmələri üçün mediasiya imkanlarından istifadə etməyə və bu məqsədlə də Bakı 8 saylı Mediasiya Təşkilatının xidmətlərindən faydalanmağa çağırıram”.
Humay Eminqızı