Mayıl Əhməd: "Məhkəmə hakimiyyəti mediasiya islahatlarına töhfə verir"


  • 14:52

Nizami Rayon Məhkəməsinin işçi heyəti və hakim korpusu öz səlahiyyətləri daxilində mediasiya islahatlarına töhfə verməkdə xüsusi olaraq seçilirlər.

Bu sözləri e-huquq.az-a açıqlamasında Bakı 8 saylı Mediasiya Təşkilatının direktoru Mayıl Əhməd deyib.

O bildirib ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Həqiqət Əhmədovanın icraatında olan və bir neçə ay müddətdə davam edən mürəkkəb əmək mübahisəsini “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun və “Mülki Prosessual” Məcəlləsinin tələblərinə əsasən hakimin təşəbbüsü və tərəflərin vəkillərinin razılığı ilə mediasiyaya yönəldilib: “Mübahisə tərəflərini vəkillər – “Alyans" Vəkil Bürosunun” vəkili Cəlalə Hüseynova və “Ecol" Vəkil Bürosunun vəkili Toğrul Şimiyev təmsil edib. Tərəflərin razılığı əsasında “Barışıq sazişi” bağlanıb və əmək mübahisəsi məhkəmədən kənar qaydada tez bir zamanda, qarşılıqlı razılaşma əsasında uğurla həll edilib”.

M.Əhməd qeyd edib ki, qanunvericiliyin tələbinə əsasən, bu kimi hallarda “Barışıq sazişi” məhkəyə təqdim olunur və hakim mübahisə üzrə işinin icraatına xitam verir: “Mediasiyanın əsas üstünlüyü ondan ibarətdir ki, burada udan və ya uduzan və tərəf olmur – razılaşma şərtlərini tərəflər birgə qəbul edir və nəticə hər iki tərəf üçün qənaətbəxş olur. Bu cür hallar məhkəmələrdə işlərinin sayının azalmasına, hakimlərin daha ağır və mürəkkəb işlərə diqqət ayırması üçün şərait yaradır”.

Təşkilat direktorunun sözlərinə görə, bu konstruktiv yanaşmaya və barışığın əldə olunmasında göstərdikləri əməkdaşlığa görə, hər iki vəkil “Təşəkkürnamə” ilə təltif edilib. Sessiyanın sonunda vəkillərlə xatirə şəkli çəkilib.

M.Əhməd onu da qeyd edib ki, Qanunvericiliyə uyğun olaraq, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi zamanı mediasiyaya yönəldilmiş işlərin sayı mühüm göstəricilərdən biridir. Həmçinin "Məhkəmə-Hüquq Şurası haqqında" Qanunun 13-cü maddəsinə uyğun olaraq, mediasiyaya yönəldilmiş işlərin sayı uğurlu göstərici kimi hakimlərin qiymətləndirmədə nəzərə alınır. Bu çərçivədə, “Məhkəmə-Hüquq Şurası” tərəfindən təsdiq olunmuş “Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnamə”nin 3.1.3-cü bəndində də mediasiyaya yönəldilən işlərin statistikası vacib qiymətləndirmə meyarı kimi göstərilib.

Humay Eminqızı

Oxşar xəbərlər