"Mediasiya cəmiyyətdə hüquqi sabitliyin və barış mühitinin formalaşmasına xidmət edir" - MÜSAHİBƏ


  • 12:54

Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatının mediatoru Azad Rzayevin e-huquq.az-a müsahibəsini təqdim edirik:

- Azad müəllim, mediasiya prosesi niyə bu qədər əhəmiyyətli sayılır və hansı problemlərin həllinə kömək edir? Mediasiyanın cəmiyyətdəki rolu barədə düşünürsünüz?

- Mediasiya prosesi nəticəsində yalnız mövcud mübahisələr deyil, eyni zamanda gələcəkdə yarana biləcək mübahisələrin də qarşısının alınması və həlli mümkün olur. Bu baxımdan mediasiya cəmiyyətdə hüquqi sabitliyin və barış mühitinin formalaşmasına xidmət edən mühüm institutdur.

- Mediasiya təşkilatları və mediatorların funksiyaları və rolu nədir? Onlar sadəcə mübahisələri həll etmir, həm də cəmiyyətdə hüquqi ideologiyanın formalaşmasına necə təsir edirlər?

- Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunu ilə tənzimlənən mediasiya təşkilatları və mediatorlar mövcud mübahisələrin həlli ilə yanaşı, gələcəkdə mübahisələrin yaranmaması üçün cəmiyyətdə aparıcı və maarifləndirici rol oynayır. Müxtəlif sahələri əhatə edən mübahisələrin mediasiya prosesi çərçivəsində həll edilməsi məhkəmələrə və digər inzibati orqanlara müraciət olunmasını istisna edir. Məlum olduğu kimi, məhkəmələr yalnız mübahisəli işlərə baxır. Mübahisə olmadığı halda isə məhkəmə icraatına da ehtiyac qalmır.

Bu baxımdan mediasiya cəmiyyətdə müasir dünya görüşünün formalaşmasına, mübahisələrin sülh və barışıq yolu ilə həllinin təşviqinə, eləcə də insanlarda hüquqi ideologiyanın formalaşmasına mühüm töhfə verir. Mediatorun vasitəçiliyi ilə tərəflər mövcud mübahisələrini birbaşa və konstruktiv şəkildə həll edərək illərlə davam edən və ya davam edə biləcək münaqişələrə son qoya, barışıq sazişi bağlaya bilirlər.

- Mediasiya hansı mübahisələrdə tətbiq olunur və bu proses hansı hallarda məcburidir? Ailə və əmək mübahisələri məsələsində mediasiyanın rolu necədir?

- Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 1.0.11-ci maddəsinə əsasən mediasiya tərəflər arasında yaranmış və ya yarana biləcək, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələrin həllini nəzərdə tutur. Qanunun 3.1-ci maddəsinə uyğun olaraq mediasiya aşağıdakı mübahisələr üzrə tətbiq edilir:

- mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla);
- ailə münasibətlərindən irəli gələn mübahisələr;
- əmək münasibətlərindən irəli gələn mübahisələr;
- inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.

Qanunun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak məcburidir. Eyni zamanda, “Mediasiya haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və mübahisənin tərəfləri razı salacaq şəkildə həll edilməsini təmin etmək məqsədi daşıyır.

- Mübahisələri mediasiya yolu ilə həll etməyin üstünlükləri nələrdir? Niyə mübahisələrin məhkəmələrdə deyil, mediasiya yolu ilə həll olunması daha yaxşıdır?

- Mediasiya, tərəflərin razılaşmalarına və barışıq sazişi bağlamalarına imkan verir, beləliklə, illərlə davam edə biləcək münaqişələrə son qoyur. Peşəkar mediatorların iştirakı ilə sülh yolu ilə mübahisələrin həlli daha davamlı və faydalı olur. Odur ki, qanunun verdiyi imkanlardan istifadə edərək mübahisələri Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatına etibar etməyi və peşəkar mediatorların iştirakı ilə sülh və barışıq yolu ilə həll etməyi tövsiyə edirəm.

- Müsahibəmiz sizin doğum gününüzə təsadüf edir. Sizi 58 yaşınız münasibətilə təbrik edirik. Yeni yaşınızda mediator olaraq qarşıya qoyduğunuz əsas hədəflər nədir? Bu sahədə qazandığınız təcrübə ilə mediasiya prosesinin gələcəyinə dair necə bir baxışınız var?

- Təşəkkür edirəm! Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında “Mediasiya haqqında” Qanunun tələblərinə uyğun olaraq mübahisələrin sülh yolu ilə həllinə xidmət edən peşəkar mediator olaraq fəaliyyət göstərmək mənim üçün böyük məsuliyyətdir. 2023-cü ildən etibarən Mediasiya Şurasının üzvü olaraq, bu sahədə daha da irəliləyiş əldə etmək və mübahisələrin alternativ həlli mexanizmlərini daha da inkişaf etdirmək məqsədimdir. Yeni yaşımda əsas hədəfim, mediasiya sahəsindəki təcrübəmi və biliklərimi daha da artıraraq, mübahisələrin daha sürətli, ədalətli və qarşılıqlı anlaşma şəraitində həllinə yönəlmiş təşəbbüsləri daha geniş şəkildə tətbiq etməkdir. Hüquqi islahatların uğurla reallaşmasına, vətəndaş məmnuniyyətinin artırılmasına və mediasiyanın cəmiyyətdə daha geniş qəbul olunmasına yönəlik fəal iştirakımı davam etdirəcəyəm. Bu sahədə qazandığım təcrübə, mediasiyanın gələcəyinin işgüzar və hüquqi müstəvidə daha da inkişaf edəcəyinə olan inamımı artırır. Şadam ki, fəaliyyətim həm vətəndaşlar, həm də təşkilatımızın rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir və bu da mənə öz işimi daha da məsuliyyətlə yerinə yetirmək üçün motivasiya verir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər