Tanınmış təlimçi-vəkil İlhamə Həsənova mediatorlara vebinar keçib


  • 11 Noyabr 2021 09:11

Mediasiya Şurası, Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası mediasiya praktikasındakı meydana çıxan problemlərin həlli və mediasiya proseslərində vətəndaş məmnunluğunun artırılması məqsədilə mediatorlarla silsilə görüşlər və maarifləndirmə işlərini davam etdirir.

E-huquq.az-ın məlumatına görə, ötən gün mediator, təlimçi-vəkil, 20 saylı Vəkil Bürosunun rəhbəri İlhamə Həsənova "Real keyslər üzərində mediator peşəsinin çətinlikləri" mövzusunda mediatorlara vebinar keçib. Faydalı və maraqlı görüşdə İ. Həsənova həmçinin mediatorları maraqlandıran suallara aydınlıq gətirib.

O vebinarla bağlı təəssüratlarını bölüşərək bildirib ki, Azərbaycanda mediasiya institutu artıq təkmilləşmə mərhələsindədir və bu sahədə müsbət təcrübə formalaşıb: "Bu sahənin çətinlikləri diqqətlə araşdırılır və problemlərin həlli istiqamətində əməli tədbirlər görülür. Mediatorlarımızla görüşümüz mediasiyanın parlaq gələcəyinə ümidlərimi daha da artırdı.Öz peşəsini sevən, bu işə bütün qüvvə və bacarığını sərf edən mediatorlarımız çoxdur və mən onlara təşəkkür edirəm. Görüşdə real vəziyyətimizi müzakirə etdik. Çətinliklərimizi səsləndirdik, təcrübə mübadiləsi etdik. Məlum oldu ki, mediasiya proseslərində barışıq sazişlərimizin sayı kifayət qədərdir. İlkin mediasiya prosesləri formal şəkildə deyil, bu prosesin tələblərinə uyğun və peşəkarlıqla həyata keçirilir. Həmkarlarımla fəxr etdim".

İ. Həsənova qeyd edib ki, Mediasiya Şurasının sədri Nadir Adilov bu sahənin inkişafına böyük əmək sərf edir: "Nadir müəllimin təşəbbüskarlığı, əməksevərliyi, idarəetmə qabiliyyəti nəticəsində mediasiyanın sürətlə inkişaf edəcəyi bir həqiqətdir. Cənab nazir Fikrət Məmmədov başda olmaqla, Ədliyyə Nazirliyinin, hörmətli sədrimiz Anar Bağırov başda olmaqla, Vəkillər Kollegiyasının bu sahənin inkişafına hərtərəfli dəstəyi ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində dövlət siyasətindən irəli gələn vəzifələrin layiqli icrasıdır".

Vəkil onu da deyib ki, yeni yaranmış bu sahəyə yanaşma birmənalı deyil: "Bəziləri mediasiyanın gələcəyinə inanmır. Amma mən tam inamla Azərbaycanda mediasiya institununun tətbiqini vətəndaşlarımızın üstün maraqlarının qorunması baxımından atılan müsbət addım və ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi baxımından uzaqgörən islahat kimi qiymətləndirirəm. Bu sahənin tətbiqi artıq öz müsbət nəticəsini göstərməkdədir. Mediasiya Azərbaycanda mütləq yaşayacaq, biz bunun üçün əlimizdən gələni edəcəyik və digər ölkələrə bu sahədə nümunə olacağıq".

Xatırladaq ki, mediatorlarla daha iki görüşün keçirilməsi nəzərdə tutulub. “ZOOM” platforması üzərindən keçiriləcək görüşlərin dəqiq qrafikini təqdim edirik.

11 noyabr 2021-ci il, saat 19:00
Mövzu:
“Mediatorların maliyyə hesabatlılığı və maliyyə şəffaflığının təmin edilməsi”
Ekspert: Zamin Hüseynov
“ABAK-Az Crowe LTD”nin İdarəedici Partnyoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru, auditor, qiymətləndirici

12 noyabr 2021-ci il, saat 19:00
Mövzu:
“Mediatorun İntizam məsuliyyətinə səbəb ola biləcək kargüzarlıq qaydaları pozuntuları və onların aradan qaldırılması”
Ekspert: Mayıl Əhməd
Mediasiya Şurasının İntizam Komissiyasının üzvü

Oxşar xəbərlər