- 12 Mart 14:47
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mediatorlarla görüşlərə start verir.
Şuradan e-huquq.az-a verilən məlumata görə, bununla bağlı mediatorlara müraciət olunub.
Müraciətdə bildirilir ki, mediasiya islahatlarının həyata keçirilməsi ilə bağlı ötən dövr ərzində mediasiya inzibatçılığı sahəsində görülmüş müsbət işləri və o cümlədən, Mediasiya Şurasının idarə edilməsi sahəsindəki irəliləyişləri, Korporativ idarəetmə standartlarının tətbiq edilməsini, iş bölgüləri sahəsində şəffaflığın yaradılması, intizam icraatı proseslərinin ciddiləşdirilməsi, mövcud mediasiya praktikasının yaranması mediatorlara növbəti ünsiyyət modelinə keçməklə işlərimizi kəmiyyət mərhələsindən keyfiyyət mərhələsinə keçirmək üçün gözəl bir zəmin yaradır.
Eyni zamanda mediatorlar barədə hüquqi və fiziki şəxslərdən daxil olan şikayətlər, müraciətlər, vətəndaş müraciətləri sahəsində vətəndaş məmnunluğunun artırılması mediatorların üzərinə böyük bir məsuliyyət qoyur. Tam mediasiya sessiyalarının keçirilməsi, mediasiya proseslərində kəmiyyətdən keyfiyyət mərhələsinə keçid də Mediasiya Şurasının strateji planları sırasındadır. Mediasiya xərclərinin ödənilməsi sahəsində dürüstlük və şəffaflıq da ön planda olan məsələlərdən biridir.
Qeyd olunub ki, istər Mediasiya Şurası, istərsə də mediatorlar ölkəmizdə aparılan mütərəqqi məhkəmə - hüquq islahatlarına həmahəng olaraq özünü doğrultmalı, mediasiya alətlərini Qanunvericiliyin tələblərinə uyğun olaraq bütünlüklə tətbiq etməlidirlər. Eyni zamanda mediatorun peşə fəaliyətindən irəli gələn məxfilik məsələləri sahəsində intizamın artırılması da mühüm faktorlardandır.
Yuxarıda qeyd edilən məsələlər sağlam əqidəyə və dövlətçilik prinsiplərinə əsaslanan böyük bir mediatorlar kollektivinin qurulması üçün bizə zəmin yaradır. Mediatorlar öz üzərinə düşən məsuliyyəti anlayaraq, böyük bir kollektivin bir hissəsi olaraq eyni dildə və eyni düşüncədə olmağı bacarmalı və bu sahədə səylərini səfərbər etməlidir.
Həmçinin vurğulanıb ki, mediasiya islahatlarında idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın artırılması və eyni zamanda mediatorların təkliflərinin dinlənilməsi, meydana çıxan problemlərin çevik həlli istiqamətində addımlar atılmalıdır.
Məhz bu səbəbdən də mediatorlarla səmərəli idarəetmə baxımından ünsiyyətin qurulması, onların təkliflərinin dinlənilməsi, problemlərin çevik həlli, eyni zamanda Mediasiya Şurasına ünvanlanan vətəndaş müraciətlərinin vətəndaş məmnunluğunun artırılması yolu ilə həlli, Mediasiya Şurasının həftəlik qərarlarının mediatorlara daha aydın çatdırılması məqsədi ilə hər həftənin 2-ci günü saat 16:30 - da Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilovla mediatorların görüşləri təşkil ediləcək.
Təklif və suallarla bağlı [email protected] elektoron ünvanına müraciət etmək mümkündür.
Qeyd edək ki, görüşlərdə iştirak könüllü əsaslarla həyata keçirilir.