- 12 Mart 14:47
“Elə bir vəziyyət yaranıb ki, həqiqətən də mediasiya institutunun yaradılması bu sahədə müəyyən həll yolu ola bilər”.
Bunu millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov e-huquq.az-ın “Hüquq bələdçisi” verlişində qonaq olarkən deyib.
O bildirib ki, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun məqsədi ilk növbədə məhkəmələrin iş yükünü azaltmaqdır. Çünki bütün məsələlərin məhkəmələrə getməsi onların iş yükünün həddindən artıq çoxalmasına səbəb olur.
"Amma mediasiya yaxın gələcəkdə öz nəticəsini verəcəkmi? Məhkəməyə gedə biləcək işlərin nə dərəcədə qarşısını ala biləcək? Bunu zaman göstərəcək. Milli Məclisdə çıxışımda da demişəm ki, biz qanunları qəbul edərkən onların nəticəsi barədə düşünməliyik. Qəbul etdiyimiz qanun vətəndaşların həmin sahə üzrə probleminin həllinə kömək edirmi, yoxsa yeni problemlərin yaranmasına gətirib çıxarır? "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu çox gözəl nümunədir, burada vacib olan məsələ mediasiyadan istifadə edən vətəndaşların bundan razı qalmasıdır. Düşünürəm ki, mediasiya institutu hələ yeni yaradıldığı üçün bununla bağlı nəsə demək tezdir. Ancaq bütün hallarda mediasiya hüquq sistemimizdə yeni institutdur və ümid edirəm ki, uğurlu olacaq” , - deyə N.Həsənov qeyd edib.