- 12 Mart 14:47
“Davam” Gənclər Hərəkatı və Mediasiya Şurasının tərəfdaşlığı ilə “Gənc mediasiyamıza gənclərin baxışı” mövzusunda görüş keçirilib.
E-huquq.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mediasiya Şurası İxtisas Komissiyasının üzvü vəkil-mediator Gəray Məmmədtağıyev və Bakı 1 saylı Mediasiya Təşkilatının rəhbəri mediator Samir Babayev iştirak edib.
G.Məmmədtağıyev görüş zamanı gənclərimizə mediasiyanın anlayışı, mediasiya proseduru, işin mediasiyaya yönəldilməsi, işgüzar gənclərimizin biznes və digər sahələr üzrə mübahisələrin mediasiya yolu ilə həllinin faydalarından danışıb.
S.Babayev mediasiyanın mübahisələrin həlli məsələsində faydasından və gələcək perspektivləri barədə gənclərlə geniş məlumat bölüşüb.
Mediasiya institutu haqqında gənclərə ətraflı məlumat və tövsiyələr verərək, gələcəkdə mediasiya sahəsinin gənclər üçün perspektivli peşə sahəsi olduğu da vurğulanıb.
"Mediasiya razılıq institutu kimi adətən qarşılıqlı dialoq və ünsiyyət mədəniyyətinin formalaşdığı cəmiyyətlərdə yüksələn xətlə inkişaf edir. Bu baxımdan, Azərbaycanda da mübahisələrin məhkəməyəqədər həlli təcrübəsinin tətbiqi imkanları çox böyükdür. Mediasiya institutu bu gün ölkəmizdə nəinki məhkəmə-hüquq sistemi, eləcə də, hüquqi dövlət və cəmiyyət üçün vacib və aktual məsələdir. Məhz bu səbəbdən, ölkədə hüquqi mübahisələrin həllinə yeni yanaşmanın inkişafına şərait yaradır”, - deyə S.Babayev qeyd edib.
Sonda gənclərin sualları cavablandırılıb, mediasiya sahəsində təklif və tövsiyələri dinlənilib