- 12 Mart 14:47
“Vəkillər Kollegiyası ilə səmərəli əməkdaşlığımız nəticəsində barışıq sazişlərimizin sayı artır".
Bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov e-huquq.az-a açıqlamasında deyib.
O bildirib ki, Mediasiya Şurası Vəkillər Kollegiyası ilə çox sıx və səmərəli əməkdaşlıq edir: "Bütün qayğıları və problemləri Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırovla çevik müzakirə edərək həll edirik. Mediasiya Şurası fəaliyyət göstərdiyi müddət ərzində Vəkillər Kolegiyasının mediasiya islahatlarına çox ciddi dəstəyinin hər gün hiss edirik. Bu gün bizim sıralarımızda onlarla vəkil olan mediatorlar var. Bildiyiniz kimi, vəkillər həm də “Mediasiya haqqında” Qanunun tələbinə görə mediasiyada iştirak edən tərəflər statusundadır. Təcrübə onu deməyə əsas verir ki, artıq vəkillərlə mediatorların səmərəli əməkdaşlığı nəticəsində barışıq sazişlərimizin sayının artırılmasında kübarlıq və xüsusi dəyanət göstərən vəkillərimizin də mühüm rolu var. Biz həmin vəkillərə təşəkkür edirik".
N.Adilov qeyd edib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov hər zaman uğurlu mediasiya proseslərinin baş tutmasına, ümumiyyətlə, mediasiyanın inkişafına dəstək verən şəxslərdən olub və indi də elədir: "Bunu ona görə deyirəm ki, əgər bir qurumun rəhbərinin mövqeyi səmimi və aydındırsa və əgər Anar Bağırov kimi nüfuzlu hüquqşünas və Kollegiyanın Rəyasət Heyətinin sədri fəaliyyətimizə bu qədər dəstək göstərirsə, hansı səbəbdən digər vəkillər bizim fəaliyyətimizə bilərəkdən mane olmaq istəyər? Əlbəttə ki, belə bir maneçilik yoxdur və ola da bilməz. İş əsnasında, bir çox hallarda prosessual qaydalarla bağlı anlaşılmazlıq ola bilər, bu, normaldır. Bu məsələlər isə hər zaman öz həllini tapır. Bildiyiniz kimi, mediasiya hələ ölkəmiz üçün yenidir və bir çox suallar və yeni kazuslar yarana bilər. Meydana çıxan yeni kazusların, texniki problemlərin həlli, həm vəkillərin, həm də mediatorların yeniliklərlə bağlı məlumatlandırılması məqsədilə Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırovun da yaxından dəstəyi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən yaradılmış və 26.12.2019-cu il tarixdən fəaliyyətə başlamış Hüquqi Yardım və Tədris Mərkəzi ilə birlikdə vəkillər üçün məlumatlandırıcı sessiyaların davamlı olaraq təşkilinə başlayırıq.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 22.02.2018-ci il tarixli Sərəncamından irəli gələrək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən yaradılmış və 26.12.2019-cu il tarixdən fəaliyyətə başlamış Hüquqi Yardım və Tədris Mərkəzi əsas etibarı ilə vətəndaşlara peşəkar hüquqi yardımın göstərilməsini, mövcud qanunvericiliyə əsasən vəkillərin dövlət hesabına hüquqi yardımın göstərilməsinə cəlb olunduğu işlərin təşkil edilməsi və vəkillərə həmin işlər üzrə məhkəmə qərarı ilə müəyyən edilmiş haqqın vaxtında ödənilməsinin təmin edilməsi, habelə vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün onların tədrisə cəlb olunması işlərini təmin etməkdədir.
Biz bu resurslardan bərabər istifadə etməklə aparılan islahatlarla bağlı öz səmimi mövqelərimizi uzlaşdırırq. Bu məlumatlandırma sessiyalarında vəkillər və mediatorların qarşılıqlı əməkdaşlığı, bir-birlərinə necə kömək edə bilmələri, vətəndaş məmnunluğunun birgə artırılması, keyfiyyətli mediasiya və hüquq xidmətlərinin göstərilməsi sahəsində davamlı seminarlarımız olacaq. Bu tədbirlərin təşkil edilməsi onu deməyə əsas verir ki, biz bu məsələlərdə nəinki çox gözəl əməkdaşlıq qurmuşuq, hətta mövcud problemlərin həllinə daha fundamental yanaşmışıq. Ona görə də bildirim ki, Vəkillər Kollegiyası ilə sıx və səmərəli əməkdaşlığımız bundan sonra da davam edəcək və biz birlikdə məhkəmə-hüquq islahatlarına dəstək ola biləcək bütün vasitələri tətbiq edəcəyik. Eyni zamanda istər mediator olan, istərsə də mediator olmayan vəkillərin mediatorlara dəstəyi ilə bağlı zaman – zaman adlı siyahı üzrə Vəkillər Kollegiyasını da məlumatlandıracağıq. Çünki mediasiya islahatlarında əməyi olan hər kəsin əməyi qiymətləndirlməlidir. Bunda isə əsas məqsəd həm də uğurlu mediasiya islahatlarına dəstək verən vəkillərin Vəkillər Kollegiyasının da yaxından köməkliyi ilə Mediasiya Şurası tərəfindən də mükafatlandırılmasıdır. Bu mükafatlandırmada isə əsas məqsəd ondan ibarətdir ki, biz birgə böyük və həmrək bir ailəyik və vətəndaş məmnunluğu bizim birgə həmrəyliyimizdən aslıdır", - deyə sədr vurğulayıb.