Mediasiya təşkilatları ilə vəkil büroları arasında əməkdaşlıq davam edir - FOTO


  • 26 Sentyabr 2022 13:32

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Mediasiya Şurası arasında olan səmərəli əməkdaşlığın davamı olaraq vəkil büroları və mediasiya təşkilatları arasında əməkdaşlıq davam edir. "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa görə mediatorlar və yaxud da mediasiya təşkilatları vətəndaşlara hüquq məsləhətləri verə bilməz və hüquq xidmətləri göstərə bilməz. Ölkəmizdə isə keyfiyyətli hüquqi xidmətlərin göstərilməsində müstəsna rolu olan vəkillərlə əməkdaşlıq Mediasiya Şurasının proritetlərindən biri olub. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov və Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov arasında imzalanmış müvafiq sazişin tələblərinə uyğun olaraq maraq konfiliktlərinin qarşısının alınması, mediatorlar və vəkillərin qarşılıqlı və sıx əlaqədə işləməsi və onların əməkdaşlığı nəticəsində barışıq sazişlərinin keyfiyyətinin və həcminin artması əsas prioritetlərdən biridir. Qeyd edilənlərlə əlaqədar olaraq, Lənkəran 1 saylı Mediasiya Təşkilatı ilə Masallı rayon Vəkil Bürosu arasında 24 sentyabr 2022-ci il tarixində əməkdaşlığa dair tədbir keçirilib.

Bu barədə e-huquq.az-a Lənkəran 1 saylı Mediasiya Təşkilatının direktoru Ramin Şükürov məlumat verib.

Onun sözlərinə görə, görüşdə Masallı rayon Vəkil Bürosunun müdiri Tofiq Şahmarov, vəkillər – Cavid Əliyev, Əliheydər Hüseynov, Xudaverdi Niftiyev, həmçinin mediator Xanhüseyn Səmədov və Nizami Alışov iştirak ediblər.

R.Şükürov bildirib ki, tədbir zamanı vəkillərin və mediatorların qarşılıqlı əməkdaşlığı, bir-birilərinə necə kömək edə bilmələri, vəkillərin və mediatorların peşə fəaliyyətinin həyata keçirilməsi zamanı nəzərə alınmalı olan prinsiplərə riayət edilməsi, keyfiyyətli mediasiya və hüquq xidmətlərinin göstərilməsi sahəsində davamlı uğurların əldə edilməsi, vətəndaş məmnunluğunun birgə artırılması, həmçinin mediasiya və vəkillik fəaliyyətində şəxslər arasında maraq toqquşmasının qarşısının alınması kimi məsələlər, mövcud problemlər və sair müzakirə edilib.

Həmçinin, bu sahədə kifayət qədər uğurların əldə edilməsi ilə bağlı Mediasiya Şurası və Vəkillər Kollegiyasının çox sıx və səmərəli əməkdaşlıq etdikləri, bütün qayğıları və problemləri birlikdə çevik müzakirə edərək həll etdikləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

"Bu kimi tədbirlərin təşkil edilməsi onu deməyə əsas verir ki, mediatorlar və vəkillər bu məsələlərdə nəinki çox gözəl əməkdaşlıq qurub, hətta mövcud problemlərin həllinə daha fundamental yanaşmağı üstün tuturlar. Mediatorlarla vəkillərin sıx və səmərəli əməkdaşlığı bundan sonra da davam edəcək və birlikdə məhkəmə-hüquq islahatlarına dəstək ola biləcək bütün vasitələr tətbiq ediləcək. Vəkillər və mediatorlar birgə böyük və həmrəy bir ailədir, hər birimiz bu ailənin üzvüyük və vətəndaş məmnunluğu bizim birgə həmrəyliyimizdən asılıdır", - deyə Təşkilatın direktoru qeyd edib.

Oxşar xəbərlər