Mediasiya proseslərində maraq konfiliktlərinin qarşısının alınması müzakirə olundu - FOTO


  • 30 Sentyabr 2022 16:27

Mediasiya Şurasının İdarə Heyətinin qərarı əsasında Şuranın Etika Komitəsi tərəfindən Mediasiya təşkilatı rəhbərlərinin, o cümlədən, Şuranın Daxili Audit Komitəsi, İntizam Komissiyasının iştirakı ilə Mediasiya təşkilatları rəhbərləri ilə iclas keçirilib.

E-huquq.az xəbər verir ki, iclası giriş nitqi ilə açan Mediasiya Şurasının İdarə Heyətinin üzvü, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sima Yaqubova qeyd edib ki, iclasın çağırılmasında əsas məqsəd mediatorlarla Mediasiya təşkilatları arasında, eyni zamanda Mediasiya təşkilatları ilə fiziki və hüquqi şəxslər arasında olan münasibətlərdə maraq konfiliktlərinin qarşısının alınması və şəffaflığın tam təmin olunmasıdır. Bu məqsədlə də Mediasiya Şurasının İdarə Heyətinin qərarı İlə Etika Komitəsi yaradılıb və komitənin yaradılmasında əsas məqsəd Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Mediatorların peşəkar etik davranış Qaydası”na əsaslanaraq mediatorların etik davranışlarına nəzərət, monitorinq və onların qiymətləndirməsini həyata keçirməkdir: "Qeyd edim ki, bu qayda “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və peşəkar əsasda mediasiya fəaliyyəti ilə məşğul olan şəxslərin etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir. Bu Komitəyə istər vəkillər, istərsə də mediasiya sahəsində kifayət qədər təcrübəli və tanınmış İlhamə Həsənova sədr təyin edilib.

Sima Yaqubova qeyd edib ki, Vəkillər Kollegiyasının Mediasiya islahatlarına güclü dəstəyi var və Şura və Kollegiya arasında olan müsbət işgüzar münasibətlərin nəticəsidir ki, mediasiya proseslərində vəkillərlə bağlı maraq konfiliktlərinin qarşısının alınması ilə bağlı bu gün baş tutacaq iclasda geniş müzakirələr aparılacaq.

Çıxış edən Mediasiya Şurasının Etika Komitəsinin sədri, Vəkillər Kolegiyasının İntizam Komissiyasının sədr müavini İlhamə Həsənova qeyd edib ki, Şura fəaliyyətə başladığı qısa müddət ərzində, bu günədək çox geniş işlər görüb və Vəkillər Kollegiyası, eləcə də digər qurumlarla çox sıx və səmərəli əməkdaşlığa malikdir. Bu gün müzakirə etdiyimiz əsas məsələlərdən biri də vəkillər və mediatorlar arasında olan işgüzar münasibətlər, maraq konfiliktlərinin qarşısının alınması, Mediasiya təşkilatları və ikinci, üçüncü tərəflərlə münasibətdə şəffaflığın təmin edilməsi, qanunsuz sövdələşmələrdən çəkinmək məsələləri olmuşdur. İclasda müzakirə olunan bir digər məsələ isə budur ki, əgər hər hansı mediator və yaxud da Mediasiya təşkilatı qanunsuz sövdələşmələr edərsə, bununla bağlı ən ciddi səviyyədə tədbirlər görüləcəkdir. Bizim məqsədimiz həm də Mediasiya təşkilatlarının münasibətlərində şəffaflığın təmin edilməsidir. Mediasiyanın məxfiliyi təmin olunmaqla, Mediasiya təşkilatlarının fəaliyyəti kommersiya fəaliyyəti sayılmadığından bu fəaliyyət ictimaiyyət üçün açıq olmalıdır. Eyni zamanda, Mediasiya təşkilatları onlara daxil olan işləri mediatorlar arasında aidiyyatı təlimlərin sertifikatları nəzərə alınmaqla, bərabər şəkildə bölməlidirlər. Çünkü burada həm də əsas məqsədlərdən biri cəmiyyət üçün yeni olan Mediasiya institutunun inkişafı və mediatorların yetişdirilməsidir.

Çıxış edən Mediasiya Şurasının Daxili Audit Komitəsinin sədri Mayıl Əhməd qeyd edib ki, Daxili Audit Komitəsi şəffaflığın təmin edilməsi, nağdsız ödəmələrə keçid, eyni zamanda, Mediasiya təşkilatlarına daxil olan vəsaitlərin aidiyyatı üzrə xərclənməsi məsələlərinə ciddi nəzarət ediləcəyini bildirib. Mayıl Əhmədin sözlərinə görə Mediasiya təşkilatları öz maliyyə fəaliyyətlərində şəffaf olmalıdırlar. Əgər hər hansı bir qanunsuz maliyyə əməliyyatı və yaxud da sövdələşmələr edilərsə, bununla bağlı Daxili Audit Komitəsinin araşdırmaları hüquqi qiymət verilməsi məqsədi ilə Mediasiya Şurasının İdarə Heyətinə, İdarə Heyəti tərəfindən isə hüquq mühafizə orqanlarına təqdim ediləcəkdir.

İclasda həmçinin Bakı 1 saylı Mediasiya təşkilatının rəhbəri Samir Babayev, Bakı 2 saylı Mediasiya təşkilatının rəhbəri İlhamə Həsənova, Bakı 3 saylı Mediasiya təşkilatının rəhbəri Paşa Səfərov, Bakı 4 saylı Mediasiya təşkilatının rəhbəri Cabbar Həsənov, Bakı 5 saylı Mediasiya təşkilatının rəhbəri Taleh İbrahimov, Bakı 6 saylı Mediasiya təşkilatının rəhbəri Tural Şahbazov, Bakı 8 saylı Mediasiya təşkilatının rəhbəri Mayıl Əhməd, Bakı 9 saylı Mediasiya təşkilatının rəhbəri Leyla Nəsibova, Bakı 10 saylı Mediasiya təşkilatının rəhbəri Orxan Abbasov, Bakı 11 saylı Mediasiya təşkilatının rəhbəri Malik Rzayev, Bakı 12 saylı Mediasiya təşkilatının rəhbəri Sevda Məhərrəmova, Bakı 13 saylı Mediasiya təşkilatının rəhbəri İlham Mehtiyev, Bakı 14 saylı Mediasiya təşkilatının rəhbəri Gəray Məmmədtağıyev, Bakı 15 saylı Mediasiya təşkilatının rəhbəri Qasım Şalıyev, Bakı 16 saylı Mediasiya təşkilatının rəhbəri Oğul Kərimov, Bakı 17 saylı Mediasiya təşkilatının rəhbəri Rəşad İbrahimov, Bakı 18 saylı Mediasiya təşkilatının rəhbəri Sadiq Bağırov, Gəncə 1 saylı Mediasiya təşkilatının rəhbəri Südabə Məmmədova, Şəki 1 saylı Mediasiya təşkilatının rəhbəri Dərya Yaşarlı, Qazax 1 saylı Mediasiya təşkilatının rəhbəri Pərvin Əhmədov, Sabirabad 1 saylı Mediasiya təşkilatının rəhbəri Musa Ramazanov, Cəbrayıl 1 saylı Mediasiya təşkilatının rəhbəri Tahir Balakişiyev də çıxış etdilər.

Oxşar xəbərlər