Vəkil büroları ilə mediasiya təşkilatları arasında əməkdaşlıq davam edir - FOTO


  • 7 Oktyabr 2022 17:10

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Mediasiya Şurası arasında olan səmərəli əməkdaşlığın davamı olaraq vəkil büroları və mediasiya təşkilatları arasında əməkdaşlıq davam edir. "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa görə mediatorlar və yaxud da mediasiya təşkilatları vətəndaşlara hüquq məsləhətləri verə bilməz və hüquq xidmətləri göstərə bilməz. Ölkəmizdə isə keyfiyyətli hüquqi xidmətlərin göstərilməsində müstəsna rolu olan vəkillərlə əməkdaşlıq Mediasiya Şurasının proritetlərindən biri olub. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov və Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov arasında imzalanmış müvafiq sazişin tələblərinə uyğun olaraq maraq konfiliktlərinin qarşısının alınması, mediatorlar və vəkillərin qarşılıqlı və sıx əlaqədə işləməsi və onların əməkdaşlığı nəticəsində barışıq sazişlərinin keyfiyyətinin və həcminin artması əsas prioritetlərdən biridir. Qeyd edilənlərlə əlaqədar olaraq, Bakı 6 saylı Mediasiya Təşkilatı ilə "Universal" Vəkil Bürosu arasında 4 oktyabr 2022-ci il tarixində əməkdaşlığa dair tədbir keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirdə Bakı 6 saylı Mediasiya Təşkilatının rəhbəri Tural Şahbazov, mediator Fərid İmanov, "Unniversal" Vəkil Bürosunun direktoru Ramin Əlizadə, vəkillər Rüstəm Rəhimov və Vəfadar Piriyev iştirak ediblər.

Görüş zamanı vəkillərin və mediatorların qarşılıqlı əməkdaşlığı, bir-birlərinə necə kömək edə bilmələri, vəkillərin və mediatorların peşə fəaliyyətinin həyata keçirilməsi zamanı nəzərə alınmalı olan prinsiplərə riayət edilməsi, keyfiyyətli mediasiya və hüquq xidmətlərinin göstərilməsi sahəsində davamlı uğurların əldə edilməsi, vətəndaş məmnunluğunun birgə artırılması, həmçinin mediasiya və vəkillik fəaliyyətində şəxslər arasında maraq toqquşmasının qarşısının alınması kimi məsələlər, mövcud problemlər və sair müzakirə edilib.

Həmçinin bu sahədə kifayət qədər uğurların əldə edilməsi ilə bağlı Mediasiya Şurası və Vəkillər Kollegiyasının çox sıx və səmərəli əməkdaşlıq etdikləri, bütün qayğıları və problemləri birlikdə çevik müzakirə edərək həll etdikləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Oxşar xəbərlər