"Mediasiya təşkilatlarının və mediatorların fəaliyyəti keyfiyyət və kəmiyyət indikatorları üzrə qiymətləndiriləcək"


  • 10 Oktyabr 2022 15:12

"Mediasiya sahəsində uğurlar artdıqca bu sahənin tənzimlənməsi, motivasiya ediməsi və eyni zamanda ictimai nəzarətin gücləndirilməsinə böyük zərurət yaranır".

Bunu e-huquq.az-a açıqlamasında Mediasiya Şurasının Daxili Audit Komitəsinin sədri Mayıl Əhməd deyib.

O bildirib ki, mediasiya təşkilatlarının və mediatorların fəaliyyəti keyfiyyət və kəmiyyət indikatorları üzrə qiymətləndiriləcək.

"Daxili audit yoxlamaları zamanı mediatorların və mediasiya təşkilatlarının baxdıqları işlər iki kateqoriyaya bölünəcək. Belə ki, ümumilikdə mediatora və mediasiya təşkilatına daxil olan işin sayı həcmi müəyyən ediləcək. Ümumi say həcmindən sonra isə barışıq sazişləri keyfiyyət indikatoru üzrə, arayışların verilməsi isə kəmiyyət indikatorları üzrə bölünməklə qiymətləndiriləcək. Burada həm də mediasiya təşkilatlarının və mediatorların praktikaları öyrənilməklə analogiya aparılacaq. Analogiya zamanı oxşar presedentlərin keyfiyyət amillərinə təsir edən hallar öyrəniləcək. Tutaq ki, bir mediasiya təşkilatına ayda 100 iş daxil olur və bu mediasiya təşkilatı işlərin daxil olmasında liderdir. Amma barışıq sazişlərinə diqqət yetirdikdə isə məlum olur ki, misal üçün 100 işdən cəmi 1-2% barışıqla nəticələnib. Amma deyək ki, digər bir müqayisə aparırıq. Misal üçün digər bir mediasiya təşkilatına ayda 30 iş daxil olur və bu mediasiya təşkilatında barışıq sazişlərinin sayı daha çox, deyək ki, 50 %-dir. Belə olan halda, əlbəttə ki, az iş daxil olub, lakin çox barışıq sazişi əldə edən mediasiya təşkilatı daha yüksək qiymətləndiriləcək. Qiymətləndirmənin əsas məqsədi keyfiyyətli mediasiya xidmətlərinin həyata keçirilməsi, ictimai rəydə keyfiyyətli xidmət göstərən mediator və mediasiya təşkilatlarının təqdim edilməsidir. Bizim üçün mediasiya xidmətlərinin keyfiyyəti həddən artıq önəmlidir", - deyə M.Əhməd qeyd edib.

Oxşar xəbərlər