"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"


  • 29 Mart 11:37

Qanunvericilik məhkəmələrin hökm və ya qərarlarına əlavə kassasiya qaydasında yenidən baxılmasını nəzərdə tutur. Əlavə kassasiya qaydasında şikayət vermək hüququna zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların nümayəndələri, barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi, məhkum və ya onun müdafiəçisi malikdir. Lakin əksər hallarda əlavə kassasiya şikayətlərinin formal tərtib olunduğu barədə fikirlərə rast gəlinir. Şikayətlərin mütləq əksəriyyətində aidiyyəti olmayan formal, bəzən isə işin faktiki halları ilə bağlı dəlillərə toxunulur. Formal tərtib olunan əlavə kassasiya şikayətinin bir dəfə geri qaytarılmasına baxmayaraq, eyni əsaslarla şikayətlərin təkrarən verilməsi halları da mövcuddur. Belə olan halda şikayətlər təmin olunmur, çox vaxt elə əvvəlki qərarlar qüvvədə saxlanılır.

Maraqlıdır, vəkillərin bu barədə fikirləri necədir? Ümumiyyətlə, əlavə kassasiya şikayətinin perspektivi varmı?

E-huquq.az mövzu ilə bağlı onların fikirlərini öyrənib.

Emin Kiçikbəyov deyib ki, əlavə kassasiya şikayətləri düzgün tərtib olunduqda və əsaslandırılmış olduqda müsbət nəticə əldə olunması mümkündür: "Bəzən bilərəkdən əlavə kassasiya şikayəti verilir ki, vaxt qazanılsın. Bu da formal xarakterə gətirib çıxarır. Amma əsaslandırılıb verilən kassasiya şikayətlərində dəlillərə əksər hallarda baxılır. Bu gün Ali Məhkəmədə verilən qərarlar çox ədalətlidir və müsbət nəticələr verir. Mən əslində bu barədə çox razıyam. Ali Məhkəmənin sədri çox şəffaf iş aparır. Lakin yaxşı olardı ki, kassasiya şikayətlərində birinci instansiya və apellyasiya məhkəmələrində təqdim oluna bilməyən, yaxud həmin anda sübutları əldə etmək mümkün olmadığından yeni əldə edilmiş sübutları kassasiya instansiyasına təqdim etmək imkanları olsun. Bəzən birinci və apellyasiya instansiyası məhkəməsində vətəndaş hər hansı bir sübut əldə edə bilmir. Sonda gəlir vəkilin yanına və vəkil vasitəsilə sübut əldə edir. Lakin kassasiya məhkəməsi onu sübut kimi qəbul etmir. Fikrimcə, bu kimi hallarda dəyişiklik olsa, çox yaxşı olar".

Nərmin Əliyeva isə hesab edir ki, əlavə kassasiya şikayətinin perspektivi yoxdur: "Düzdür, bəzən şikayətlər formal olaraq tərtib olunur, bununla bağlı razıyam. Amma həqiqətən əsaslar olduğu halda da, ümumiyyətlə, kassasiya instansiya məhkəməsinin qərarı ləğv olunmur. Mənim təcrübəmdə çox az hallarda rast gəlmişəm ki, kassasiya instansiya məhkəməsinin qərarını plenum özü ləğv edə bilsin. Çünki Mülki Prosessual Məcəllənin 424-cü maddəsində də konkret əsaslar nəzərdə tutulub ki, hansı hallarda Ali Məhkəmənin qərarına yenidən baxıla bilər və ləğv oluna bilər. O əsasları da çox vaxt tətbiq etmirlər. Ona görə də hesab edirəm ki, əlavə kassasiya şikayətinin perspektivi yoxdur. Əlavə kassasiya şikayəti ilə bağlı vətəndaşlar mənə müraciət etdikdə onlara hüquqi xidmət göstərirəm, amma perspektivinin olmadığını deyirəm. Çox vaxt heç şikayət vermirlər".

Vüqar Babayev əlavə kassasiya icraatının ədalət mühakiməsinin səmərəliliyinin artırılması üçün önəmli olduğunu deyib: "Mülki Prosessual Məcəlləyə əsasən, əlavə kassasiya şikayətini işdə vəkillə iştirak edən şəxs verə bilər. Yəni, şikayət peşəkar hüquqşünas tərəfindən hazırlanır. Kimsə formal yaza bilər, bu ayrı məsələdir. Amma əgər düzgün yanaşılsa, əlavə kassasiya qaydasında işə baxılması çox önəmli və ciddi məsələdir. Təbii ki, bu, hər işə aid deyil. Müstəsna problemlər olan işlərə aiddir. Təcrübəmdə də olub ki, həqiqətən də baxılıb və kassasiya instansiyasının qərarı ləğv edilib. Amma əksər hallarda əlavə kassasiya şikayətləri təmin olunmur. Hesab edirəm ki, məsələ əlavə kassasiya şikayətinin özünün formallığı deyil, gərək onun baxılmasında formallığa yol verilməsin, dəlillər tam araşdırılsın. Çünki bu, məhkəmə təcrübəsinin inkişaf etdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üçün olduqca önəmli bir institutdur".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər