Məzmuna keç

Müdafiə naziri Zakir Həsənov Şuşa əməliyyatından danışdı

Şuşa əməliyyatı zamanı bütün qoşun növlərinin peşəkarlığını gördüm.

E-huquq.az-ın məlumatına görə, bunu müdafiə naziri Zakir Həsənov Real TV-ə müsahibəsində deyib.

"Cənab Prezident Şuşa əməliyyatının təşkilində ciddi tapşırıqlar vermişdi. O tapşırıqların birini demək istəyirəm. Cənab Prezident xüsusilə tapşırdı ki, əməliyyatın planlaşdırılmasında və həyata keçirilməsində nəzərə almaq lazımdır ki, Şuşa bizim mədəniyyət mərkəzimizdir. Yəni burada bizim bir neçə çətinliyimiz var idi. Bu ondan ibarət idi ki, biz burada artilleriyadan güclü istifadə edə bilməyəcəkdik" – deyə nazir vurğulayıb.

Z.Həsənov qeyd edib ki, Şuşa ətrafında olan Ermənistan qoşunlarını artilleriya ilə darmadağın edilib, onlar həm canlı qüvvədə, həm texnikada çox böyük itki verdilər:

"Ancaq biz doğma şəhərimizi artilleriya ilə vurmurduq. Bu təbii ki, bizim əməliyyatı həyata keçirməyimizə çətinlik yaradırdı. Həmin vaxt havalar da buludlu idi. Ona görə də Şuşa əməliyyatı vaxtı biz pilotsuz uçuş aparatlardan da istifadə edə bilmədik və kəşfiyyatın aparılmasında da çətinlik var idi. Yəni Şuşa ətrafında əməliyyatlarda artilleriyadan istifadə etdik, ancaq doğma şəhərimizi, tarixi abidələrimizi artilleriya ilə vurmadıq. Şuşa əməliyyatı zamanı bütün qoşun növlərinin peşəkarlığını gördüm. Mən bunu xüsusi vurğulamaq istəyirəm ki, bizim mühəndis-istehkam qoşunlarımız qısa bir müddətdə inanılmaz bir iş gördülər, qısa bir müddətdə yol çəkdilər. Bu yol ermənilər üçn bir şok oldu. Onlar bizim Şuşaya əsas hücumumuzu ayrı istiqamətdən gözləyirdilər. güclərini ayrı yerdə cəmləşdirmişdilər".